Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə konstruktiv görüşü ilə terrorçu PKK-nın silahları təhvil verməsiylə birbaşa əlaqəsi olmasa da, hər iki hadisə Türkiyənin bölgədə artan rolundan xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyanın ötən günlərdə Türkiyəyə səfəri və İstanbulda Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla qapalı görüşdə nələrin müzakirə edildiyi açıqlanmasa da, məhz bu səfərdən sonra maraqlı hadisələr cərəyan etməyə başladı. Birincisi, Paşinyan Kremlin dəstək verdiyi radikal müxalifət, kilsə və Rusiyaya bağlı işadamları ilə mübarizəni sərtləşdirdi. Paşinyan bu qüvvələrin ona qarşı çevriliş hazırladıqları planını faş etdi. Bundan sonra Azərbaycan və Ermənistan liderlərinin iyulun sonunda Əbu-Dabidə görüşəcəkləriylə bağlı xəbər yayıldı. Maraqlıdır ki, liderlər iyulun sonunu gözləmədilər. Doğru qərar idi, çünki Kreml Ermənistan və Azərbaycan əleyhinə pozuculuq fəaliyyətini genişləndirib. Zaman itkisinə yol vermək olmaz. Türkiyənin Rusiya ilə normal dialoqu olsa da, Ankara Bakı və İrəvan kimi Moskvanın Cənubi Qafqazda təsir imkanlarının azalmasında maraqlıdır.
Türkiyə Ermənistanın Azərbaycanla sülh sazişi imzalayacağı günü və Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyir. Bu Türkiyənin Ermənistanla sərhədin açılmasına, diplomatik münasibətlərin qurulmasına və Cənubi Qafqazda daha da möhkəmlənməsinə şərait yaradacaq. Bu arada, PKK terrorçularının silahları təhvil verməyə başlaması Türkiyəni 40 ildir məşğul edən əsas problemdən qurtulmasına imkan verəcək. Bu prosesi pozmaq istəyənlər kənar qüvvələr var olsa da, terror Türkiyənin gündəmindən çıxmaq üzrədir. PKK-dan Türkiyəyə qarşı daha kimlər istifadə etmədi ki? Rusiya, ABŞ, Yunanıstan, Fransa, Almaniya, İran hətta Ermənistan, bu dövlətlər imkanları daxilində PKK-nın ayaqda durmasına dəstək verdilər. Ankara terrorçuları tərksilah etməklə həmin dövlətlərin Türkiyə əleyhinə istifadə etdiyi aləti əllərindən almış olacaq.
Elxan Şahinoğlu - "DİA-AZ"