Qusarda aldığı torpaq sahəsində yanacaqdoldurma məntəqəsi tikmək istəyən sahibkarın başına iş gəlib. Sahibkar icra hakimiyyətindən icazə almaq adı ilə 15 min manat pul verən zaman aldadılıb.
Musavat.com xəbər verir ki, dələduzluq hadisəsinə görə 40 yaşlı Elsevər cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, Azad adlı sahibkar Qusarda aldığı torpaq sahəsində yanacaqdoldurma məntəqəsi tikmək istəyib. Bu barədə dostu Səxavətlə danışıb. Səxavət ona Xəqani adlı tanışının bu işdə kömək edə biləcəyini deyib.
Azad, Səxavət və Xəqani Bakıda görüşüblər. Xəqani də bu işi Elsevər adlı dostunun həll edəcəyini bildirib. Buna görə 15-20 min xərc çıxacağını deyiblər. Azad bir şərtlə razılaşıb ki, pulu Qusarda verəcək. Bu məqsədlə Qusara gediblər.
İstintaqla müəyyən edilib ki, Elsevər və Xəqaninin məqsədi Azadı aldadaraq pulunu ələ keçirmək olub.
Qusar Rayon İcra Hakimiyyətinin qarşısında təyin olunan görüşdə sahibkar Xəqaniyə 15 min manat pul verib. Xəqani pulu götürdükdən sonra onu icra başçısının sürücüsünə vermək adı ilə oradan uzaqlaşıb. Həmin görüşə Elsevər gəlməyib.
Xəqani götürdüyü pulun 10 min manatını istifadə etdiyi karta yükləyib. 5 min manatını da cibində saxlayıb. Həmin puldan 4200 manatını Elsevərə göndərib.
Daha sonra Azadın yanına qayıdan Xəqani orada Elsevəri gözləməyə başlayıb. Lakin Elsevərin gəlməyəcəyini bilirmiş. Azad vəziyyətdən şübhələnərək pulunu geri istəyib, bu zaman Xəqani Elsevərə zəng edib. Elsevər sürücünün pulu gətirəcəyini deyib. Sonra fürsətdən istifadə edən Xəqani oranı tərk edib.
Gecə saatlarına qədər icra hakimiyyətinin qarşısında gözləyən və aldadıldığını başa düşən Azad polisə müraciət edib.
Qeyd edək ki, Elsevərlə Xəqani hərbçi olub. Onlar vaxtı ilə eyni hərbi hissədə birlikdə xidmət ediblər. Elsevər Vətən müharibəsi iştirakçısı da olub.
Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkmiş Azad dəymiş zərər də ödənildiyi üçün Elsevəri bağışlayıb. Elsevər barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Xəqani də məsuliyyətə cəlb edilib. Xəqani ölkəni tərk etmək istəyən zaman saxlanılıb. Alınan 15 min manatın əsas hissəsi Xəqanidə olub. Həmin məbləğin 4200 manatı Elsevərə çatıb. Xəqani qalan məbləğin bir hissəsi ilə kreditlərini bağlayıb. Ölkəni tərk etmək istəyən zaman saxlanılıb.