Masallı rayonunda 2001-ci il təvəllüdlü Sərxan xalasının yetkinlik yaşına çatmayan qızına qarşı cinayət törədib.
Hadisə Masallı rayonunun kəndlərindən birində baş verib.
Yardımlı rayon sakini olan təqsirləndirilən şəxs 2023-cü ilin yanvarın 10-da, saat 20 radələrində xalası qızı Ləmana (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Daha sonra zərərçəkmişin razılığı əsasında onunla qeyri-təbii yolla bir dəfə intim münasibətdə olub.
Eləcə də 2024-cü ilin aprelin 28-də kənddə zərərçəkmiş şəxsin yaşadığı evdə onunla yenidən qeyri-təbii yolla cinsi əlaqəyə girib.
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs özünü ittiham üzrə tam təqsirli bilib. O, ifadəsində göstərib ki, Masallı rayonunun kəndində yaşayan Ləmanın anası Xumar onun ögey xalasıdır: “2022-ci ilin qış aylarında, dəqiq xatırlamadığım tarixdə Ləmanla nişanlandıq. Lakin biz evlənmədik. Mütəmadi olaraq onun yaşadığı evə getmişəm, onunla söhbət etmişəm”.
Müttəhimin ifadəsinə görə, 2023-cü ilin yanvarın 10-da, saat 20 radələrində yenə nişanlısının yaşadığı evə gedib: “Mən Ləmangildə olarkən onu öpdüm. Sonra razılığı ilə onunla qeyri-təbii yolla bir dəfə, həmin tarixdən sonra isə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Bundan sonra Xumar qızının mənimlə ailə qurmaqdan imtina etməsi barədə məlumat versə də, onun sözlərinə inanmadım. Zərərçəkmiş şəxs isə mənim qarşımda şərt qoydu. O, əgər onu sevirəmsə, onların evinə köçməyimi, onlarla birgə yaşamağımı istədi. Buna görə də onunla razılaşdım”.
Sərxan qeyd edib ki, 2024-cü ildə zərərçəkmiş şəxsin yaşadığı Masallı rayonunun kəndinə gedib: “Həyətə daxil olduqda Xumar qızını başqası ilə evləndirəcəyini dedi, məndən getməyimi tələb etdi. Mən də yaşadığım evə qayıtdım. Növbəti gün ögey xalam mənə zəng etdi, evlərinə dəvət etdi. Həmin gün saat 19 radələrində onlara yollandım. Orada məni xalam qarşıladı və biz söhbət etməyə başladıq. Sonra məndən telefonumu istədi. Mən də telefonumu ona verdim. O, telefonumu format etdi, içindəki bütün faylları sildikdən sonra geri qaytardı. Bundan sonra mənimlə mübahisə edərək ünvanıma nalayiq ifadələr işlətdi. Həmin vaxt evdə olan Xumarın əri Bəhram da mənimlə mübahisə etməyə başladı, aramızda mübahisə yarandı. Daha sonra xalam məni evin həyətinin giriş qapısından çıxardı, getməyimi istədi”.
İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, anası və nənəsi ilə birlikdə daimi olaraq Masallı rayonunun kəndində özlərinə məxsus fərdi yaşayış evində yaşayır: “Ögey xalam oğlu Sərxanla evlənmək məqsədilə nişanlandıq. Nişanlandıqdan sonra təqsirləndirilən şəxs ilə mütəmadi olaraq öz yaşadığım evdə görüşdük, söhbət etdik. 2023-cü ilin yanvarın 10-da anam və digər ailə üzvlərimin evdə olmadığı vaxtda onunla telefonda söhbət edən zaman evdə tək olduğumu dedim. Sərxan da bizə gəlmək istədiyini bildirdi. Mən də onunla razılaşdım. Həmin gün saat 20 radələrində xalam oğlu bizə gəldi, mənimlə söhbət etməyə başladı. Sərxan nişanlı olduğumuzu, gələcəkdə evlənəcəyimizi, buna görə də mənimlə cinsi əlaqəyə girmək istədiyini bildirdi. Onunla evlənəcəyimizi düşündüyüm üçün buna etiraz etmədim. Həmin vaxt yatdığım otaqda çarpayının üzərində qeyri-təbii yolla cinsi əlaqədə olduq. Həmin vaxt mənim 16 yaşım tamam olmayıb. Sonrakı aylarda dəqiq xatırlamadığım tarixlərdə yaşadığım evdə ailə üzvlərimin evdə olmamasından istifadə edərək mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonradan mütəmadi olaraq məni nalayiq söyüşlərlə təhqir etdiyi üçün ondan ayrılmağı qərarlaşdırdım. Bu barədə anama dedim”.
Zərərçəkən daha sonra ifadəsində göstərib ki, növbəti gün Sərxan yaşadıqları evə gəlib, bütün ailə üzvlərinin üzərinə uca səslə qışqırıb, ondan ayrılmaq istəmədiyini deyib: “Buna görə də anam Sərxanı həyətdən çıxarmağa çalışdı. O, həyətin giriş qapısının layını qəsdən bağlayaraq anamın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdi. Buna görə də anam Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi”.
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs bundan əvvəl də məhkum olunub. O, hərbi xidmətdə olanda barəsində Cinayət Məcəlləsinin 333.1-ci (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Gəncə Hərbi Məhkəməsinin 29 aprel 2022-ci il tarixli hökmü ilə 4 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilib.
Teleqraf