Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi Elmar Bəhmən oğlu Kərimov cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, Elmar Kərimov Cinayət Məcəlləsinin 182.2.4 (xüsusi ilə külli miqdarda əmlak tələb etməklə hədə-qorxu ilə tələb etmə) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham olunur. Prosesdə Elmar Kərimov vəkili və prokurorun suallarını cavablandırıb. Müttəhim bildirib ki, saxlanılarkən fiziki zorakılığa məruz qalıb.
O, ittihamları qəbul etməyib. “Məsələn, mən Xuramanı Maştağaya aparırdım. Baxırdım ki, 35 manat yazıb və 35 manatı alırdım. Hə, bir dəfə dedi ki, hazırda pulum yoxdur. Onda dedim ki, olanda kartıma göndərərsən, ya da necəsə bir şəkildə verərsən”-deyə Elmar Kərimov bildirib.
Məhkəmədə zərərçəkmiş şəxs Xuraman Məmmədova ifadə verib. Deyib ki, müttəhim Elmar Kərimov ondan sürücülük etdiyinə görə pul almayıb, amma 6 min manat istəyib.
Prokuror Xuraman Məmmədovaya ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırladıb. Həmin ifadədə Xuraman Məmmədova Elmar Kərimovun 6 min manat tələb etməsini deyib.
Xuraman Məmmədova məhkəmədə Elmar Kərimovun ondan 6 min manat istədiyini deyib.
Növbəti məhkəmə iclası avqustun 7-nə təyin edilib.