ABŞ-da qaradərili icmanın hüquqlarını müdafiə edən Amerikanın Milli İrəliləyiş Assosiasiyası (NAACP), Memfis şəhər rəhbərliyinə müraciət edərək İlon Maska məxsus "xAI" şirkətinin yaratdığı "Colossus" adlı superkompüterin fəaliyyətinin dərhal dayandırılmasını tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı NBC News yayıb.
Aktivistlər iddia edirlər ki, superkompüterin enerji ilə təminatında istifadə olunan metan qazlı turbinlər ətraf mühiti çirkləndirir və bu, əsasən qaradərili insanların yaşadığı məhəllələrin sağlamlığına ciddi təhlükə yaradır.
NAACP-nin rəhbəri Derrik Conson sərt bəyanatla çıxış edib:
“Dünyanın ən zəngin adamı olmaq sizə qaradərili icmaları zəhərləmək və onların sağlamlığını təhlükəyə atmaq haqqı vermir. Biz Səhiyyə Departamentini dərhal müdaxilə etməyə çağırırıq”.
Qeyd edək ki, "Colossus" superkompüteri süni intellekt və yüksək hesablama gücü sahəsində ABŞ-ın ən irimiqyaslı layihələrindən biri hesab olunur. Lakin ətraf mühitə təsiri ilə bağlı narahatlıqlar artıq ictimai narazılığa səbəb olub.