"Bu siyasi riyakarlığın ən son pilləsidir" - Azay Quliyev
Tarix: 23-01-2016, 10:26 |
Çap et
`ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun bu gün yaydığı bəyanatla özlərinin əsl mahiyyətini bir daha nümayiş etdirdilər`.
Bu barədə mətbuata açıqlamasında millət vəkili Azay Quliyev bildirib. Deputat vurğulayıb ki, üçlük AŞPA-nın gələn həftə keçirilən sessiyası zamanı Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarının müzakirəsindən narahat olduqlarını ifadə ediblər:
“Hər iki hesabat Azərbaycanın ədalətli mövqeyini birmənalı dəstəklədiyindən Ermənistanı çox ciddi narahat edir. Minsk qrupunun həmsədrləri Ermənistanı belə bir çətin vəziyyətdən çıxarmaq üçün tam heyətdə səfərbər olublar. Belə ki, troyka (indiki halda bunlar daha çox üç muşkutyoru xatırladır) hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi başqa müstəvidə və onların iradəsindən kənar müzakirə edilə bilməz. Bununla həmsədrlər münaqişənin həllində deyil, onu öz monopoliyalarında saxlamaqda daha çox maraqlı olduqlarını yenidən təsdiq etmiş oldular. ABŞ, Fransa və Rusiyanın Ermənistanı müdafə etməsi və status kvonun dəyişməsi üçün heç bir əməli addım atmaması bizim üçün yeni hadisə deyil, lakin bunu belə açıq formada ifadə edilməsi siyasi riyakarlığın ən son pilləsidir. Həmsədrləri Ermənistanın lobbiçilləri səviyyəsinə endiyini görmək bu qurum adına ən böyük rəzalətdir".