"AXCP və Müsavat siyasi səhnəni tərk edəcəklər" - YAP Siyasi Şurasının üzvü
Tarix: 4-03-2015, 08:57 |
Çap et
“İndiyə qədər özünü aparıcı müxalifət partiyaları adlandıran AXCP və Müsavatın əslində elə o zaman da cəmiyyətdə nüfuzu yox idi. Sadəcə saxta yolla gündəmdə qalıb, özlərini aparıcı müxalifət təşkilatı kimi, göstərə bilirdilər”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Elman Məmmədov söyləyib.
Onun sözlərinə görə, Müsavat və AXCP-nin düşdüyü hazırki vəziyyət hər iki partiyanın siyasi süquta uğradığını göstərir:
“Uzun illərdir radikal müxalifət liderlərinə inanan, onlara bel bağlayan qüvvələr artıq başa düşməyə başlayırlar ki, onlar ömrünün əhəmiyyətli bir hissəsini siyasi oyunlara alət olmaqla keçiriblər. Məhz elə bu səbəbdən də sərt bəyanatlar, addımlarla üzvü olduqları partiyaları tərk edirlər. Azərbaycanda demokartiya, söz azadlığı var. Dövlətimiz müxalifət partiyalarına normal fəaliyyət göstərmək üçün bütün imkanları yaradıb. Amma onlar normal müxalifətçilik əvəzinə, təxribat yaratmaq, cəmiyyəti aldatmaqla məşğul olublar. Bunun nəticəsində də siyasi uğursluqlara, son nəticədə siyasi süquta məruz qalıblar. Hesab edirəm ki, bu proses davamlı olacaq və hər iki partiya siyasi səhnəni tərk edəcəklər”.