Qubad İbadoğlu deputat olmaq istəyir? - AÇIQLAMA
Tarix: 23-02-2015, 11:24 |
Çap et
“Parlament seçkilərində iştirak etməklə bağlı heç bir qərar verməmişəm. Bu il bizim üçün Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təşkilatlanma və şəbəkələnmə ili olacaq və biz quruculuqla məşğul olacağıq”.
Bunu AzVision.az-a açıqlamasında ADR hərəkatının sədri Qubad İbadoğlu millət vəkilliyinə namizəd olması ilə bağlı iddiaları cavablandırarkən deyib. O vurğulayıb ki, Azərbaycan qanunvericiliyi nə parlament, nə də prezident seçkilərində ictimai birlik adından qatılmağa icazə verir:
“Ola bilər ki, hərəkat adından deyil, fərd olaraq namizədliyimizi irəli sürək. Amma bir şərtlə ki, hərəkatın resurslarından istifadə olunmasın. Bu barədə yekun qərarımı verməyim hərəkatla bağlı planlarımın nə dərəcədə reallaşacağından asılıdır. Əgər hərəkatla bağlı nəzərədə tutduğumuz işləri vaxtında yerinə yetirsək, görsəm ki, seçkilər hərəkatın işinə mane olmur, o zaman seçkidə iştirakla bağlı qərar verə bilərəm”.
Q.İbadoğlu AXCP-nin keçmiş sədr müavini Razi Nurullayevin ADR-ə qoşulacağı ilə bağlı fikirləri də şərh edib. O qeyd edib ki, bununla bağlı olaraq Razi Nurullayevlə heç bir müzakirə və ya görüşü olmayıb:
“Razi bəylə biz vətəndaş cəmiyyətində uzun müddətdir fəaliyyət göstəririk. Onun potensialını çox yüksək qiymətləndirirəm və onun mütərəqqi fikirləri ilə tanışam. Odur ki, gələcəkdə Razi bəy tərəfindən hərəkata qoşulmaq barədə müraciət olarsa, biz bunu dəyərləndirib müvafiq qərar verərik”.