"Mən şəxsən dəyərli bir dost, Azərbaycansa çox dəyərli kişisini itirdi..." - Əli Nağıyev
Tarix: 8-01-2015, 09:50 |
Çap et
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, riyaziyyatçı alim, pedaqoq, pedaqoji elmlər doktoru, professor Zahid Qaralov dünən 81 yaşında müalicə aldığı Almaniya klinikalarının birində insultdan dünyasını dəyişdi.
YAP-ın yaradıcılarından olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, professor Əli Nağıyev Moderator.az-a açıqlamasında mərhum Zahid Qaralov haqqında ağızdolusu danışdı:
"Mən şəxsən dəyərli bir dost itirdim, Azərbaycansa çox dəyərli bir oğlunu, kişisini itirdi. Düzdür, Zahid müəllim kifayət qədər dolğun və mükəmməl bir ömür yaşamışdı. Bir kişi öz həyatında nələri eləmələydisə, Zahid müəllim də bunların hamısını etmişdi. Ancaq onun yaşaması millətə, xalqa lazm idi. Xüsusilə bu günki müasir Azərbaycanda milli dəyərləri qoruyub saxlamaqla müasirliyə doğru addımlayan gəncliyə bu daha çox lazım idi. Zahid müəllim müasirliklə milliliyi bir-biriylə birləşdirib öz keyfiyyətini saxlamağı hamıya göstərə bilən bir el ağsaqqalı, sanballı ziyalı idi. Allah qəni-qəni rəhmət eləsin".