"Hazırda isə partiyaların ləğv edilməsi..."
Tarix: 8-09-2017, 11:24 |
Çap et
“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər ediləcək. Milli Məclisdən Modern.az-a verilən məlumata görə, artıq bununla bağlı layihə hazırlanır.
Layihədə siyasi partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə bağlı bəzi dəyişikliklər əksini tapacaq.
Qanuna ediləcək dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a açıqlamasında qanun layihəsini şərh edib.
"“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təkliflər var. Bu təkliflər siyasi partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə əlaqədardır”,-deyə komitə sədri bildirib.
S.Novruzov deyib ki, qanuna təklif olunan dəyişikliklər əsasən maliyyə hesabatlarını təqdim etməyən partiyalarla əlaqədardır.
“Burada da əsas məqsəd şəffaflığın təmin olunmasıdır. Maliyyə hesabatlarını təqdim etməyən partiyalar barədə qanuna dəyişiklik edildikdən sonra, hər hansı bir qərar qəbul ediləcək. Hazırda isə partiyaların ləğv edilməsi “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq aparılır. Qanunda göstərilən tələblərə cavab verən partiyalar ya fəaliyyət göstərir, ya da ləğv edilir”.