ABŞ-nin məşhur analitik mərkəzi “Stratfor” Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən Azərbaycanla sülh müqaviləsinin imzalanacağını yazıb.
Bununla bağlı dərc edilən analitik məqalədə Ermənistan-Türkiyə münasibətlərinin də yaxın aylarda normallaşacağı iddia edilir.
“2026-cı ilin üçüncü rübündə Ermənistan Avropayönlü siyasət yürütməyə davam edəcək və Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışacaq.
Lakin konstitusiya çoxluğunun olmaması, çox güman ki, bu prosesi əsasən texniki məsələlərin həlli ilə məhdudlaşdıracaq”, - deyə “Stratfor”-un materialında bildirilir.
“Qeyd edildiyi kimi, Baş nazir Nikol Paşinyanın partiyası parlamentdə Konstitusiyanı müstəqil şəkildə dəyişdirmək üçün kifayət qədər yerə malik deyil. Çox güman ki, Ermənistan Konstitusiya dəyişiklikləri ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirməyəcək.
Rusiyanın Cənubi Qafqazdakı zəifləyən təsirindən istifadə etməyə çalışan Türkiyə mövcud vəziyyətdən istifadə etməyə çalışacaq və Azərbaycanı Paşinyanın yenilənmiş mandatına sülh müqaviləsi imzalamaq üçün bir fürsət kimi baxmağa sövq edə, eyni zamanda, Ermənistan Konstitusiyasına dəyişikliklər tələbini təxirə sala bilər.
Alternativ ssenariyə görə, İrəvan, Bakı və Ankara bu rübdən Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanmadan belə, fərdi sərhəd keçid məntəqələrinin, quru və hava yollarının, tranzit əlaqələrinin fəaliyyətini genişləndirmək üçün istifadə edə bilərlər. Bu, münasibətlərin normallaşması prosesində irəliləyişi qorumağa kömək edəcək.
Əgər Paşinyan Avropa İttifaqına inteqrasiya kursu ilə bağlı yüksək səviyyədə ictimai dəstəyi nəzərə alaraq daha geniş referenduma qeyri-populyar konstitusiya dəyişikliklərini daxil edə biləcəyini açıq şəkildə bildirsə, çox güman ki, Moskvanın müdaxiləsi artacaq”, - deyə “Stratfor” yazır.
Qeyd edilən məqalənin ümumi təhlili 2026-cı ilin sonuna qədər Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlərində müsbət dönüşün baş verəcəyini təsdiq edir.
Xüsusilə də Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qələbə qazanması və revanşist müxalifətin məğlubiyyəti qarşıdakı aylarda Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün əlverişli zəmin yaradıb.
Lakin bunun reallaşması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Eyni yanaşma Türkiyə ilə münasibətlərə də aiddir. Rəsmi İrəvan Ankara ilə əlaqələrin bərpa olunması üçün Konstitusiyadan Türkiyəyə qarşı ərazi iddialarını və qondarma erməni soyqırımının dünyada tanınması məsələsini çıxartmalıdır.
Ancaq hakim Paşinyan komandasının parlamentdə konstituon çoxluğu əldə edə bilməməsi, yəni 64 deputat yeri ilə kifayətlənməsi bu prosesə mane olur. Ermənistan Konstitusiyası dəyişmədən Azərbaycanın sülh müqaviləsini imzalayacağı inandırıcı görünmür.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan ərazilərin Ermənistana birləşdirilməsini nəzərdə tutan konstitusiyanın qüvvədə qalması sülhü qeyri-mümkün edir. Belə sülh müqaviləsi Azərbaycanın Konstitusiyasına, ərazi bütövlüyünə və suverenliyinə ziddir.
Ermənistanda perspektivdə hakimiyyətə gələcək başqa bir siyasi qüvvə həmin hüquqi normanı əsas götürərək Azərbaycana qarşı ərazi iddiası irəli sürə bilər. Ona görə də perspektivdə Azərbaycanın və Türkiyənin Ermənistanla münasibətlərində proseslər daha çox iki istiqamətdə inkişaf edə bilər.
Birincisi, Azərbaycan və Türkiyə Ermənistanla kommunikasiyaların açılması istiqamətində diplomatik təmasları artıracaq. Azərbaycan və Ermənistan arasında yeni ərazilər üzrə sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətlənəcəyi gözlənilir. Bu baxımdan, Qazax və Sədərək rayonlarının işğal altında olan 4 anklav kəndi Azərbaycana qaytarıla bilər.
“Stratfor”un qeyd etdiyi kimi, alternativ variant kimi, Ermənistanın növbəti rübdə Azərbaycanla və Türkiyə ilə ikitərəfli ticarət əlaqələrinin genişlənəcək.
Paşinyan hakimiyyəti Ermənistan məhsullarını Gürcüstan və Azərbaycan üzərindən dəmir yolu və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya nəql etməyə çalışacaq. Əvəzində isə Ermənistan avtomobil yolu ilə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yük daşımalarını həyata keçirməyi təklif edə bilər.
Həmçinin, Ermənistan Türkiyə ilə həm avtomobil, həm də dəmir yolu ilə birbaşa ticarət əlaqələrini genişləndirmək istəyir. Qarşıdakı aylarda iki ölkə arasında danışıqların daha çox bu istiqamətdə gedəcəyini demək olar.
Ermənistanla Türkiyə arasında diplomatik pasporta malik olan üçüncü ölkə vətəndaşlarının vizasız keçidi üçün 2022-ci ildə əldə olunmuş razılaşmanın da 2026-cı ilin sonuna qədər icrasına başlanılması münasibətlərin normallaşmasında mühüm addımlardan biri ola bilər.
Nikol Paşinyan hakimiyyəti referendum keçirmək və yeni konstitusiyanın qəbuluna nail olmaq üçün qanunvericiliyə dəyişiklik etməyi planlaşdırır.
“Seçki Məcəlləsi”nə və “Rereferendum haqqınmda” Qanuna dəyişikliklər baş tutarsa, vətəndaşların səs vermək prosedurları sadələşdiriləcək. Bununla da Paşinyan cari ilin sonuna qədər referendum keçirib sülh müqaviləsi imzalamağa nail ola biləcək.









