Bir neçə gün öncə bütün dünyanın diqqətini çəkən Bakıdakı UFC turnirində ən yaddaqalan məqamlardan biri azərbaycanlı döyüşçülər Rafael Fiziyevin, həmçinin debütantlar Fərman Həsənov və Tahir Abdullayevin qələbə qazanması oldu.
Yarımorta çəkidə mübarizə aparan T.Abdullayev döyüşlə bağlı Teleqraf-a müsahibə verib. 29 yaşlı idmançı həm təəssüratlarını, gələcək hədəflərini, həm də digər sualları cavablandırıb.
– Braziliyalı Ceferson Nasimento üzərində qələbədən sonra təəssüratlarınız necədir?
– Təəssüratlarım çox yaxşıdır, öz ölkəmdə, doğma şəhərimdə qələbə qazanmışam. Qalib gələn kimi yerə uzandım və qələbənin yaratdığı eyforiyanın ləzzətini çıxarmağa çalışdım.
– Qələbəni ailəniz necə qarşıladı?
– Hələ UFC ilə müqavilə bağlayarkən çox sevinmişdilər. Əvvəldən əmin idilər ki, qalib gələcəyəm.
– Bəs qalibiyyəti kimə həsr etdiniz?
– Xüsusi olaraq kiməsə həsr etməmişəm. Adi bir gün idi. Qələbə qazandım və bunun sevincini yaşadım.
– Sonrakı hədəfləriniz nədir?
– Mənim üçün birinci hədəf UFC-yə düşmək idi. Orada ilk qələbəmi də qazandım. İndidən “kəmər qazanacağam”, “belə edəcəyəm, elə edəcəyəm” demək istəmirəm. Sadəcə, ardıcıl qələbələrə fokuslanmışam, ümid edirəm bunu da görəcəksiniz.
– Döyüşdən əvvəl demişdiniz ki, inanmıram, Braziliyada Masallı və ya Sumqayıtdakı səviyyədə güləş zalları olsun…
– Braziliyada güləş sıfır vəziyyətindədir. Masallı və Sumqayıtla müqayisədə sərbəst güləş onlarda çox zəifdir. Çoxları düşünür ki, Azərbaycanın sərbəst güləşi Braziliyadan qat-qat güclüdür. Amma ciu-citsu üzrə dünyada bir nömrədilər. Mən 11 yaşımdan bu günə qədər sərbəst güləşlə məşğul olmuşam.
– Rəqibinizlə döyüşdən əvvəl və ya sonra hər hansı söhbətiniz olmuşdu?
– Yox, rəqibimlə heç bir söhbətim olmayıb. Nədənsə müəllimi mənə pis-pis baxırdı. Mən də onu bir az qorxutdum. Başqa heç nə olmadı. Nə deyə bilərdi ki? (gülür).
– Rafael Fiziyev və Fərman Həsənovu qələbə münasibətilə təbrik etdiniz, bəs Nazim Sadıxovun məğlubiyyəti ilə bağlı danışığınız oldumu?
– Nazimin məğlubiyyətinə çox üzüldüm. Onun məğlubiyyəti bizim də məğlubiyyətimizdir. Fərman mənim dostumdur, debütündə qələbə qazanmasına sevindim. Döyüşdən əvvəl danışmışdıq, ona uğurlar arzulamışdım. Ondan nə gözləyirdiksə, onu da etdi. Fiziyev də Fiziyevdir. “Top-10”luqda olan döyüşçüdür, başqa sözə ehtiyac yoxdur.
– Qələbə münasibətilə sizi hansı idmançılar təbrik etdi?
– Çox adam təbrik etdi. Demək olar ki, bütün tanınmış idmançılar. Dağıstanlı və çeçen döyüşçülər, Cəbrayıl Həsənov (güləş), Hacı Əliyev (güləş), Rafael Ağayev (karate), Tofiq Musayev (MMA), Şara Bullet. Gənclər və idman naziri Fərid Qayıbov da rinqdən çıxan kimi yanıma gəlib təbrik etdi. Dedi “krasavçik”, uğurlar!
– Hər hansı hədiyyə almısınız?
– Hələ ki, heç kimdən hədiyyə almamışam. Ümid edirəm, alaram.
– Şarabutdin Maqomedov (Şara Bullet) Emin Ağalarovdan “Sea Breeze”də mənzil açarı istədi. Siz nə istərdiniz?
– Mən istəmədim. Ehtiyacım olsa da, heç kimdən istəmərəm. Amma Emin Ağalarov özü mənə versə, yaxşı olardı. Ya o, ya da başqası... Ümumiyyətlə, Bakıda evim yoxdur, otellərdə qalıram. (gülür)
– Şara Bulletlə də yaxın dostluğunuz var. Hətta döyüşdən sonra sizin haqqınızda xoş sözlər dedi. Dostluğunuz nə vaxt yaranıb?
– Onunla 18 yaşımdan dostluq edirəm. Artıq 11 ildir dostuq, birlikdə çox şeylər yaşamışıq.
– Şaranı Bakıda qonaq etmisiniz?
– Hələ bu gün qonaq edəcəyəm. Azərbaycan mətbəxini bəyənir. Nə istədi-istəmədi, mən nə versəm, onu da yeyəcək. (gülür)
– Şarabutdinlə bağlı maraqlı bir xatirəniz hansı olub?
– Çində yarışda olmuşuq. Mən Moskvaya qayıdırdım, o isə Pekinə. Elə oldu ki, Pekində azdım, sonra Şara ilə birləşib Taylanda getdik. Bir otaqda qalmışıq. Daha sonra da qələbələri oldu. Hərdən ona xatırladıram ki, yadındadır, bir otaqda qalırdıq, bir yerdə məşq edirdik. Təbii ki, çox gözəl xatirələrimiz var.
– Azərbaycanlı gənclərə nə məsləhət görərdiniz?
– UFC-dir, puldur, şöhrətdir… Bunlar həyatda hər şey deyil. Uğura gedən yolun açarı sadə olmaq, imanlı qalmaqdır.









