
ABŞ Prezidenti Donald Tramp Kanadanın təyyarə istehsalçısı “Bombardier” şirkətinin məhsullarının ABŞ bazarında satışına icazə verilməməli olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“ABŞ-də daha ‘Bombardier’ satışı olmayacaq. Onların məhsulları kifayət qədər yaxşı deyil! Gəlirlərinin 50 faizindən çoxu ABŞ-dən əldə olunur. Onlar amerikalı alıcıların, Amerika şirkətlərinin, hava limanlarının və xidmətlərinin hesabına yaşayırlar”, – Tramp bildirib.
ABŞ Prezidenti mümkün qadağanın necə tətbiq ediləcəyi barədə əlavə məlumat verməyib.
Tramp qərarını Kanada ilə mövcud iqtisadi fikir ayrılıqları ilə də əlaqələndirib. Onun sözlərinə görə, Kanada ABŞ banklarının və şirkətlərinin ölkədə fəaliyyətinə maneələr yaradır.
Tramp, həmçinin ABŞ-nin “Gulfstream Aerospace” şirkətinin Kanadada biznes fəaliyyətinə mane olunduğunu iddia edib.
“Bu dövr başa çatıb. Əgər onlar bizim bazarda olmaq istəyirlərsə, istehsalı burada qurmalı və Amerikaya pul mənbəyi kimi yanaşmağı dayandırmalıdırlar”, – Tramp qeyd edib.
























