Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ölkə iqtisadiyyatı üçün ciddi itkilərlə nəticələnə bilər.
Modern.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı ekspert rəylərinə istinadən məlumat yayıb. Bildirilir ki, Ermənistanın ittifaqı tərk etməsi ölkəyə minimum 5 milyard dollara başa gələ bilər.
Ekspertlərin fikrincə, əsas risklərdən biri enerji sahəsi ilə bağlıdır. Hazırda Ermənistan Rusiyadan təbii qazı güzəştli qiymətlə - min kubmetr üçün 177,5 dollara alır. Lakin ölkənin Aİİ-dən çıxacağı təqdirdə qazın qiymətinin Avropa bazarındakı səviyyəyə - təxminən 550 dollara qədər yüksələ biləcəyi qeyd olunur.
Maliyyə Universitetinin eksperti İqor Yuşkov bildirib ki, bu halda Ermənistanın enerji resurslarına əlavə illik xərcləri təxminən 800 milyon dollar təşkil edə bilər.
Məlumata görə, Ermənistan həmçinin son illərdə Rusiyaya məhsul reeksportundan əldə etdiyi milyardlarla dollar gəliri də itirmək riski ilə üzləşə bilər. Ekspertlər hesab edir ki, Ermənistan məhsullarının böyük hissəsi Rusiya bazarına yönəldiyi üçün iqtisadi əlaqələrin zəifləməsi ixrac sektoruna ciddi təsir göstərəcək.
Eyni zamanda, gömrük rüsumlarının tətbiqi konyak, tütün və kənd təsərrüfatı məhsulları istehsalı kimi əsas sahələrə əlavə maliyyə yükü yarada bilər. Bu istiqamətdə biznesin əlavə xərclərinin təxminən 100 milyon dollar olacağı proqnozlaşdırılır.
Müzakirələr Rusiya Prezidenti Vladimir Putin-in Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma və Aİİ-də qalmaq arasında seçim etməli olduğu barədə açıqlamalarından sonra daha da intensivləşib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, zərurət yaranmayana qədər ölkənin Aİİ-də iştirak məsələsinin gündəmə gətirilməsi planlaşdırılmır.








