Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olduğunu, xarici sülhməramlı qüvvələrə ehtiyac olmadığını bildirib.
Paşinyanın sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və digər xarici sülhməramlı qüvvələrin Ermənistan ərazisinə yerləşdirilməsinə ehtiyac yoxdur.
O qeyd edib ki, Azərbaycan və Ermənistan xalqları sülhün qorunmasında əsas rol oynayır və onları “ən etibarlı sülhməramlılar” adlandırıb.
Paşinyan vurğulayıb ki, heç bir xarici sülhməramlı qüvvə Ermənistan ərazisinə daxil olmayacaq.
“Azərbaycan və Ermənistan xalqları ən etibarlı sülhməramlılardır”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, bu bəyanatla Paşinyan Ermənistan ərazisinə hansısa ölkənin və ya ölkələrin sülhməramlı adı altında qoşun yerləşdirmək cəhdlərinin olduğu mesajını da vermiş oldu:
“Nikol Paşinyanın ifadəsində mühüm siyasi mesaj var. Burada söhbət təkcə KTMT-dən deyil, ümumilikdə Ermənistan ərazisində hər hansı xarici hərbi-sülhməramlı mexanizmin yaradılmasına qarşı mövqedən gedir. Paşinyan “xarici sülhməramlı qüvvələrə ehtiyac yoxdur” deməklə Ermənistan-Azərbaycan münasibətlərində təhlükəsizliyin təminatçısı kimi üçüncü tərəflərin rolunu arxa plana keçirməyə çalışır. “Azərbaycan və Ermənistan xalqları ən etibarlı sülhməramlılardır” ifadəsi də məhz bu yanaşmanın siyasi formuludur. Yəni İrəvan gələcəkdə sərhəddə və ya Ermənistan ərazisində hər hansı xarici hərbi kontingentin yerləşdirilməsini sülh prosesinin ayrılmaz elementi kimi görmək istəmir. Bununla belə, burada ikinci və daha maraqlı məqam var. Paşinyanın bəyanatı dolayı şəkildə Ermənistanda xarici qüvvələrin mümkün yerləşdirilməsi ilə bağlı müzakirələrin mövcudluğuna işarə kimi də oxuna bilər. Çünki baş nazirin belə bir ehtimalı xüsusi şəkildə istisna etməsi göstərir ki, Ermənistanın təhlükəsizlik gündəliyində xarici hərbi iştirak məsələsi tamamilə kənar mövzu deyil”.
Ekspert qeyd edib ki, Azərbaycan Nikol Paşinyandan ortaya qoyduğu bu mövqeni hazırda Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı müşahidə missiyasına da tətbiq etməyini gözləyir:
“Düzdür, deyilə bilər ki, Aİ müşahidə missiyası klassik mənada sülhməramlı hərbi qüvvə deyil, onun mandatı müşahidə, hesabat və etimadın artırılması xarakteri daşıyır. Lakin əslində həmin müşahidə missiyasının Fransanın xüsusi xidmət orqanları nümayəndələri və kəşfiyyatçılardan ibarət insanlar olduğunu bilməyən yoxdur. Azərbaycanla Ermənistan sülh şəraitində yaşayırsa, belə bir müşahidə missiyasının da sərhəddə yerləşməsinə ehtiyac yoxdur”.














