ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər üzrə federal naziri İnyatsio Kassisin avqustun 4-5-də Azərbaycana rəsmi səfəri diqqətçəkən siyasi mesajlarla müşayiət olunur. Səfərin gündəliyində ikitərəfli əməkdaşlıqla yanaşı, Cənubi Qafqazda sülh prosesi və İsveçrənin ATƏT-də sədrliyinin regiondakı rolu xüsusi yer tutur. Avqustun 4-də ATƏT sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi və regional məsələlər müzakirə olunub. Kassisin Bakının ardınca Türkmənistana səfər etməsi, payızda isə Ermənistan və Gürcüstana getməyi planlaşdırması ATƏT-in Cənubi Qafqaza münasibətdə yeni diplomatik xətt qurmağa çalışdığını göstərir.
ATƏT bir vaxtlar Avropanın təhlükəsizlik arxitekturasının əsas sütunlarından biri hesab olunurdu. Təşkilat Şərqlə Qərb arasında dialoq platforması, münaqişələrin qarşısının alınması və seçkilərin müşahidəsi kimi istiqamətlərdə mühüm rol oynayırdı.
Lakin son illərdə Avropanın təhlükəsizlik sistemi köklü şəkildə dəyişib. Rusiya ilə Qərb arasında münasibətlərin kəskin pisləşməsi, Ukrayna müharibəsi və Moskva ilə bir sıra Qərb dövlətləri arasında siyasi dialoqun faktiki olaraq dayanması ATƏT-in ənənəvi missiyasını ciddi şəkildə zəiflədib.
Təşkilatın əsas problemi isə onun qərarvermə mexanizmindədir. ATƏT-də qərarların konsensus əsasında qəbul edilməsi tələb olunur. Bu isə üzv dövlətlər arasında kəskin qarşıdurma yarandıqda təşkilatın çevik qərar qəbul etməsini çətinləşdirir. Nəticədə ATƏT təhlükəsizlik məsələlərində əvvəlki kimi həlledici aktora çevrilə bilmir. NATO hərbi təhlükəsizlik, Avropa İttifaqı isə siyasi və iqtisadi təsir baxımından ön plana çıxdıqca ATƏT-in manevr imkanları daralıb. Başqa sözlə, təşkilat Avropada nüfuzunu tam itirməsə də, əvvəlki strateji çəkisinin mühüm hissəsini itirib. Məhz bu fonda Azərbaycan ATƏT üçün xüsusi əhəmiyyət qazana bilər.
Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşır. Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, regionda kommunikasiyaların açılması, Şərq-Qərb nəqliyyat marşrutlarının genişlənməsi və Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin güclənməsi Bakını regionun əsas siyasi və logistika mərkəzlərindən birinə çevirir. ATƏT üçün bu, təşkilatın özünü yenidən regional təhlükəsizlik proseslərinin içərisinə qaytarmaq imkanıdır.
Kassisin Bakıda sülh prosesini müzakirə edəcəyi barədə açıqlama da təsadüfi görünmür. ATƏT Qarabağ münaqişəsi dövründə regionda mühüm institusional tarixə malik olsa da, sonrakı mərhələdə təşkilatın siyasi təsir imkanları xeyli azaldı. İndi isə təşkilat yeni mərhələdə özünə rol axtarır. Bakının regional turun ilk dayanacağı olması da diqqət çəkir. Bunun bir neçə mümkün izahı var. İlk növbədə, Azərbaycan hazırda Cənubi Qafqazda təhlükəsizlik və sülh gündəliyinin əsas tərəflərindən biridir. Ermənistanla münasibətlərin normallaşdırılması prosesi də birbaşa Bakı ilə İrəvan arasında aparılır.
İkinci səbəb Azərbaycanın regional və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində artan çəkisi ola bilər. Avropa üçün Cənubi Qafqazın əhəmiyyəti yalnız təhlükəsizliklə məhdudlaşmır. Regionun Şərq-Qərb bağlantılarında rolunun artması Azərbaycanı Avropa institutlarının diqqət mərkəzində saxlayır.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadəyə görə, ATƏT həm də regionda keçmiş Minsk Qrupunun fəaliyyəti ilə aktiv idi. Onun fikrincə, Qarabağın işğaldan azad olunmasından sonra bu missiyanın ləğvi ATƏT-in də regiondakı fəaliyyətinə təsir göstərib. Hüquqşünas hesab edir ki, ATƏT sədrinin bu gəlişi isə təşkilatın varlığını göstərmək, özünü bölgədə reabilitasiya etmək kimi də qiymətləndirmək olar: “Müxtəlif illərdə ATƏT Parlament Assambleyası və digər təsisatları tərəfindən Azərbaycanla bağlı tənqidi qətnamələr qəbul edilib. Amma bir çox hallarda bu qətnamələr əsası olmayan ittihamlardan hazırlanıb. Eyni zamanda keçmiş Minsk Qrupunun fiaskosu yadımızdan çıxmayıb. Ona görə də ATƏT-lə həm əməkdaşlıq, həm də münasibətlərdə zaman-zaman ziddiyyətlər meydana çıxıb. Bu gün isə Cənubi Qafqaz yeni dövrə qədəm qoyub və ATƏT-in baxışlarında dəyişikliyin olmaması mümkün deyil”.
Çingiz Qənizadə bu təşkilatın əvvəlki nüfuzunun qalmadığını da nəzərə almağın tərəfdarıdır: “ATƏT sədrinin səfəri Mərkəzi Asiya və Cənubi Qafqazı əhatə edir. Bu da yuxarıdakı fikrimi bir daha təsdiqləyir ki, məqsəd bu coğrafiyada özünə etimad qazanmaqdır.
ATƏT rəhbərliyi yaxşı analiz edir ki, bölgədə təsir imkanları, fəallıq üçün bəhanələr qalmayıb. Çünki münaqişə keçmişdə qalıb. Digər tərəfdən, Qərblə Rusiyanın “soyuq müharibəsi” öz təsirini göstərməkdədir. Hətta ATƏT bu qanlı savaşın dayanmasında belə vasitəçi rolu oynaya bilmir. Səbəb də özünə olan münasibətin dəyişməsidir. Belə desək, əvvəlki çəkisi qalmayıb".
Bununla belə, hüquq müdafiəçisi Azərbaycanın Qərb təsisatları ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu hesab edir. Onun sözlərinə görə, qarşı tərəfin bərabərhüquqlu və qərəzsiz yanaşması olarsa, Bakı əməkdaşlığı inkişaf etdirməyə üstünlük verəcək: “ATƏT sədrinin burada müzakirə edəcəyi mövzular sülh gündəmi, əməkdaşlıq ola bilər. Amma Azərbaycanın Ermənistanla sülh gündəmini ATƏT-lə məsləhətləşməyə ehtiyacı yoxdur. İkitərəfli dialoq nəticəsində bu proses davam edir. Yəni ATƏT heç bir vasitəçilik rolu təklif edə bilməz. Ümumiyyətlə, bu mövzuda moderatora zərurət yoxdur. Çünki vasitəçilər həmişə tərəf olublar. Nə vaxt ki ikitərəfli danışıqlar aparılıb, o zaman irəliləyiş əldə olunub”.
Xatırladaq ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilat (ATƏT) Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin (ATƏM) varisidir və ATƏM-in transformasiyası nəticəsində tam hüquqlu təşkilat olaraq 1994-cü ildə yaradılıb. ATƏT-in əsas sənədi 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktıdır. Helsinki Yekun Aktı ATƏT məkanında dövlətlərarası münasibətlərin prinsipial çərçivəsini müəyyən edir və özündə “İştirakçı Dövlətlər arasında Münasibətlərin Rəhbəredici Prinsiplər”ini ehtiva edir.
Azərbaycan ATƏM-in (ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunub. ATƏM (ATƏT) Azərbaycanın üzv olduğu ilk Avropa təşkilatıdır.
“Yeni Müsavat”














