SOCAR şirkətdə kütləvi ixtisarların aparılması ilə bağlı sosial mediada yayılan rəqəm və iddiaların rəsmi mənbəyə əsaslanmadığını bildirib. Şirkət son iki ildə işçi dövriyyəsinin orta hesabla 2,4 faiz olduğunu açıqlasa da, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ixtisarların optimallaşdırma və struktur dəyişikliyi adı altında davam etdiyini deyir.
Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR şirkətdə kütləvi ixtisarların aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Şirkətin avqustun 4-də yaydığı bəyanatda sosial media resurslarında səsləndirilən rəqəm və iddiaların hər hansı rəsmi mənbəyə əsaslanmadığı və həqiqəti əks etdirmədiyi qeyd olunub.
SOCAR-ın məlumatına görə, 2024–2025-ci illərdə şirkətdə işçi dövriyyəsinin orta illik göstəricisi 2,4 faiz təşkil edib. Şirkət işçi dövriyyəsinin böyük hissəsinin əməkdaşların “təbii axını” hesabına baş verdiyini bildirib.
Bəyanatda qeyd olunur ki, SOCAR-ın 2035-ci ilədək korporativ strategiyası çərçivəsində təşkilati struktur təkmilləşdirilir, biznes prosesləri optimallaşdırılır və resursların daha səmərəli idarə olunması üçün dəyişikliklər aparılır. Şirkət bu proseslərin əmək qanunvericiliyinin tələblərinə uyğun həyata keçirildiyini bildirir.
SOCAR həmçinin qrupa daxil olan müəssisələrin hər birinin ayrıca hüquqi şəxs və işəgötürən kimi fəaliyyət göstərdiyini, əmək münasibətləri ilə bağlı qərarları həmin müəssisələrin verdiyini qeyd edib.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə SOCAR-ın açıqlaması ilə razılaşmır. Onun sözlərinə görə, şirkət və tabeliyindəki müəssisələrdə optimallaşdırma, struktur dəyişikliyi və başqa adlar altında ixtisarlar ilyarımdan çoxdur davam edir.
Qəhrəmanlı “Mia”ya bildirib ki, “Azərikimya”, Heydər Əliyev adına Neft Emalı Zavodu, informasiya texnologiyaları və digər sahələrdə yaşı 50-dən yuxarı olan işçilərin bir qisminə ərizə yazdırılıb. Onun iddiasına görə, bəzi müəssisələrdə 60 yaşdan yuxarı əməkdaşlar da işdən çıxmağa məcbur edilib.
Hüquq müdafiəçisi müddətli əmək müqaviləsi ilə çalışan bir sıra işçilərlə müqavilələrin uzadılmamasını da faktiki ixtisar formalarından biri hesab edir.
“Bir sözlə, müxtəlif bəhanələrlə ilyarım ərzində SOCAR-a məxsus qurumlardan kifayət qədər çox işçi uzaqlaşdırılıb”, - Qəhrəmanlı bildirib.
Onun sözlərinə görə, ixtisarlar əsasən usta, çilingər, laborant, operator və digər texniki vəzifələrdə çalışanlara şamil edilir. Bununla yanaşı, şirkətdə yeni departament və şöbələr yaradılır, həmin strukturlara inzibati və rəhbər vəzifələr üzrə işçilər götürülür.
Qəhrəmanlı hesab edir ki, buna görə SOCAR üzrə ümumi işçi sayında kəskin azalma görünməyə bilər. Lakin onun iddiasına görə, istehsalat və texniki sahədə çalışanların sayı azalır, inzibati strukturlar isə genişləndirilir.
Hüquq müdafiəçisi şirkətdə aparılan struktur dəyişikliklərinin və işdən çıxarılmaların müstəqil audit qurumları tərəfindən araşdırılmasına ehtiyac olduğunu deyib.
Ötən ay SOCAR-ın tabeliyində fəaliyyət göstərən Geofizika və Geologiya İdarəsi, “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu və “Azəriqaz” İstehsalat Birliyində çalışan işçilərə ixtisar xəbərdarlıqlarının verildiyi barədə məlumatlar yayılmışdı.
Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün əməkdaşları Dövlət Əmək Müfəttişliyi Xidmətinə, SOCAR-a və insan hüquqları təşkilatlarına müraciət edərək prosesin araşdırılmasını istəmişdilər. İşçilər struktur dəyişikliyi adı altında aparılan seçimin yalnız bir bölməyə tətbiq olunduğunu, eyni vəzifədə çalışan əməkdaşların vahid meyarlar əsasında qiymətləndirilmədiyini bildirirdilər.
“Azəriqaz” əməkdaşları isə regionlarda çilingər və mühəndislərin ixtisarına başlanıldığını, prosesin ilin sonunadək genişlənə biləcəyini iddia edirdilər. Onların sözlərinə görə, bəzi rayonlarda işçi çatışmazlığı yaranıb.
Mirvari Qəhrəmanlı daha əvvəl ötən ildən aparılan optimallaşdırma və struktur dəyişiklikləri nəticəsində SOCAR-a daxil olan müəssisələrdə təxminən 20 min nəfərin işini itirdiyini bildirmişdi. SOCAR son bəyanatında bu rəqəmi təsdiqləməyib və sosial mediada yayılan rəqəmlərin rəsmi mənbəyə əsaslanmadığını qeyd edib.



















