Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli münasibətlərin indiyə qədər mövcud olduğundan tamamilə fərqli səviyyəyə qalxması ilə yadda qaldı.
Belə ki, Azərbaycan və Almaniya arasında “İkitərəfli Tərəfdaşlığa dair Strateji Gündəlik Haqqında Birgə Bəyannamə”nin imzalanması ilə dövlətlərarası münasibətlər yeni mərhələyə daxil olub.
Bununla Avropa İttifaqında İtaliyadan sonra Almaniya Azərbaycanın ikinci strateji tərəfdaşına çevrildi. Böyük Britaniyanı da bura əlavə etsək, Qərbi Avropanın üç böyük dövlətinin Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını görmək olar.
Lakin bu münasibətlər qarşılıqlı müstəvidə qurulduğundan Azərbaycan da öz növbəsində, İtaliya, Almaniya, Britaniya kimi dövlətlər üçün strateji əhəmiyyətə malikdir.
Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrindən biri olan Almaniyanın Azərbaycana marağının artması bir neçə amillə izah oluna bilər.
İlk növbədə, bu, Azərbaycanın yerləşdiyi coğrafi mövqe ilə bağlıdır. Yəni Azərbaycan Avropa İttifaqı ilə Mərkəzi Asiya və Çin arasında nəqliyyat-ticarət dəhlizinin üzərində yerləşir.
Avropa, o cümlədən Almaniya üçün Azərbaycan Mərkəzi Asiyanın giriş qapısıdır. Eləcə də, əks istiqamətdən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Cənubi Qafqaza çıxış Azərbaycan üzərindən keçir. Bu isə Azərbaycanın geostrateji əhəmiyyətini getdikcə artırır.
Avropa İttifaqının Mərkəzi Asiya ilə arasında yaradılmış “Global Gateway” İnvestisiya Paketi (“Qlobal qapı”) vahid iqtisadi əməkdaşlıq platformasının reallaşması məhz Azərbaycan üzərindən mümkündür. Ona görə də Avropanın, o cümlədən Almaniyanın Azərbaycana marağı getdikcə artır.
Orta Dəhlizin işə düşməsi ilə Avropa-Azərbaycan-Mərkəzi Asiya istiqamətində indiyə qədər mövcud olmayan ticarət və yükdaşıma marşrutu fəaliyytə başlayacaq.
Şimal-qərbdə Rusiya və Ukrayna, Yaxın-Şərqdə isə ABŞ-İran müharibələri ilə əlaqədar logistikanın dayanması dünyada ticarət zəncirinin qırılmasına səbəb olub. Ona görə də dünya ölkələri yükdaşımaları həyata keçirmək üçün əlavə və daha qısa marşrutlar axtarır.
Bu baxımdan, Çindən-Avropaya qədər uzanacaq Orta Dəhliz dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin diqqətini cəlb edir.
Almaniya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasının ikinci mühüm komponenti kimi enerji təhlükəsizliyini qeyd etmək olar. Ukraynada davam edən dağıdıcı müharibə fonunda Avropa İttifaqının Rusiya istehsalı olan neft və təbii qazın alışından imtina etməsi digər Qərb ölkələri kimi Almaniyanı da alternativ enerji mənbələri axtarmağa vadar edib.
Rusiyanın neft emalı müəssisələrinin Ukrayna tərəfindən vurularaq məhv edilməsi Avropanın, eləcə də Almaniyanın enerji idxalında yaranmış problemləri qısa müddətdə aradan qaldıracağını istisna edir.
Əsas diversifikasiya mənbələrindən biri olan Yaxın Şərqdə də ABŞ və İran arasında müharibə səbəbindən Hörmüz boğazının bağlanması Avropaya neftin və sıxılmış qazın daşınmasının qarşısını alıb.
Nəticədə, Avropa ölkələrinin sənaye istehsalı böhranla üzləşib. Bu baxımdan, Azərbaycandan təbii qaz idxal edən İtaliya və Balkan ölkələrinin təcrübəsinə Almaniyada marağın artması müşahidə olunur.
Rəsmi Berlin Cənub Qaz Dəhlizi ilə enerji nəqlinin və Azərbaycandan aldığı “mavi yanacağın” həcminin artırılmasını təklif edir. Bununla yanaşı, perspektivdə Azərbaycanla Almaniyaya “yaşıl enerji” sahəsində də əməkdaşlıq edə bilər.
Azərbaycan və Almaniya arasında qarşılıqlı investisiyaların tətbiqi ikitərəfli münasibətləri strateji müstəviyə qaldıran üçüncü mühüm amil kimi diqqəti cəlb edir. Bu kontesktdə müxtəlif sahələri vurğulamaq olar.
Almaniya şirkətlərinin Azərbaycanın müdafiə sənayesinə cəlb edilməsi müasir silahların istehsalında ən müasir texnologiyaların, süni intellektdən istifadənin geniş tətbiqinə yol aça bilər.
Almanların Azərbaycanda tarixən dəmir yolu infrastrukturunun qurulmasında təcrübəyə malik olduqlarını nəzərə alsaq, bu sahədə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yeni yolların çəkilişində Almaniya şirkətləri iştirak edə bilər.
İqtisadiyyatın rəqəmsallaşması, yağış sularının idarə olunması, böyük şəhərlərin içməli su təminatının yaxşılaşdırılması, müasir səhiyyə sisteminin forlaşdırılmasında və digər sahələrdə Almaniyanın investor şirkətləri öz təcrübələrini tətbiq edə bilər.
Strateji Tərəfdaşlığa dair Bəyannamədə diqqəti cəlb edən ən mühüm maddələrdən biri isə Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması, 2025-ci il avqustun 8-də Ermənistanla paraflanmış sülh sazişini dəstəkləməsi ilə bağlıdır.
Bu bənd Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə yönəlik istənilən fəaliyyətin Almaniyanın strateji, siyasi və iqtisadi maraqlarına zidd olduğu mənasını kəsb edir.
Berlin hesab edir ki, Ermənistanla imzalanacaq sülh müqaviləsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində mümkün ola bilər.
Ona görə də Almaniya bölgədə sabitliyin pozulmasına səbəb olacaq istənilən addımın, yəni münaqişənin bərpası istiqamətində Ermənistan tərəfindən atılacaq istənilən addımı, yaxud səslənən çağırışları özünün regiondakı strateji maraqlarına təhdid kimi qiymətləndirir.
Müşfiq Abdulla
“Cebheinfo.az”











