Azərbaycana xaricdən gətirilən armaturlardan yeni gömrük rüsumunun tutulması bütün tikinti bazarına təsir edəcək, o cümlədən yeni tikililərin qiymətini bahalaşdıracaq. Bu qiymət artımının son nəticədə digər əmlaklara yayılacağı da gözlənilir.
Xəbər verildiyi kimi, Azərbaycana xaricdən gətirilən armaturlara yeni gömrük rüsumu tətbiq edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır kİ, Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib. Dəyişikliklərə görə, ölkəyə idxal edilən dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların (armaturların – FED.az) 1 tonu üçün 150 manat gömrük yığımı alınacaq.
Bu məsələdə istisna yalnız İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidentləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, dəmir çubuqlar – armaturlar tikniti sektoru üçün əsas materiallardan sayılır. Hazırda Azərbayanda, xüsusilə tikintidə istifadə olunan armaturların bir hissəsi yerli istehsal olsa da, bir hissəsi xaricdən idxal edilir. Bəs bu məhsullara gömrük rüsumunun tətbiq edilməsi məhsulun qiymətinə və tikintinin maya dəyərinə necə təsir edəcək?
Ümumiyyətlə, tikintidə bu məhsullardan geniş istifadə olunduğuna görə, rüsumların tətbiq edilməsi yeni tikilən binaların qiymətinə də təsir edəcək?
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar oruc bildirib ki, qeyd olunan dəyişikliklər bu məshulun qiymətinin bahalaşmasına gətirib çıxaracaq:
“Verilmiş sərəncama əsasən, təbii ki, rüsumlar artırılır. Yəni Qarabağ ərazisində, işğaldan azad olunmuş ərazilərdə güzəştlər olduğu halda, digər ərazilərdə müəyyən mal və materialın qiymətində dəyişiklik baş verəcək.
Hətta “Baku Steel Company”nın verdiyi qiymətlərə görə və artıq bu barədə bazardan aldığımız informasiyaya görə, polad çubuqlardan hazırlanmış armaturların qiymətində 10%-ə qədər bahalaşma olub. Əvvəllər bu qiymət şirkətlər üçün 1 100 manat və əlavə dəyər vergisi təşkil edirdisə, indi 1 200 manat və əlavə dəyər vergisi təşkil edir. Yəni son qərardan sonra təqribən qiymətlər 10%-ə yaxın bahalaşıb. Rüsumların artması daxili bazara bu cür təsir göstərib».
AQC rəhbəri bildirir ki. rüsumlar xaricdən gətirilən armaturlara aid olsa da, yerli istehsal da bahalaşıb.
«Digər sexlərdə müvafiq əvvəldən qiymətlər 1 050 manat idisə, indi yeni qiymətlər 1 150 manat və əlavə dəyər vergisi ilə formalaşıb. Bu da, təbii ki, qiymətlərin bahalaşması deməkdir».
Vüqar Oruc bildirib ki, bu qiymətlərin artımı tikinti bazarında maya dəyərinə də təsir göstərəcək və qiymətləri artıracaq:
“Bu təbii bir haldır, amma ümumi tikintinin konstruktiv elementləri içərisində polad çubuqlardan istehsal olunmuş materialların qiymətinin payı daha azdır. Buna görə də, məbləğlə ifadə etsək tikinti materiallarının qiymətinin artımı tikintinin ümumi maya dəyərinə təqribən 3-3,5% təsir edə bilər».
Ekspert bildirir ki, reallıqda maya dəyəri 3-3,5% artsa da, tikinti ilə məşğul olan sahibkarlar qiymətləri daha çox artıracaqlar.
«Yeni tikili binalarda isə qiymət artımından yaranan məbləğin tikintinin bir kvadratmetrinin maya dəyərinə ciddi təsir etmir. Amma tikinti fəaliyyəti ilə məşğul olan sahibkarlar qiymət artımını nəzərə alaraq təqribən tikintinin qiymətini 5% civarında bahalaşdıracağını hesablamaq olar. Yeni binalarda və bundan sonra tikiləcək binalarda qiymətlərin 5% civarında bahalaşa bilər».
AQC sədrinin sözlərinə görə, tikinti prosesləri daha da aktivləşsə, bazarda rəqabətli mühit formalaşsa mövcud dəyişikliyə baxmayaraq qiymətlərin stabil saxlanması da mümkün ola bilər:
«Çünki hal-hazırda, baxmayaraq ki, daşınmaz əmlakın qiymətləri artır, bazarda alıcılıq səviyyəsi də o qədər yüksək deyil. Bu baxımdan ola bilsin ki, sahibkarlar bunu nəzərə alaraq kiçik qiymət artımını maya dəyərində təklif qiymətlərinə transfer etməzlər. Yəni bu bir ehtimaldır, yekun qərar sahibkarların özünün verəcəyi qərardır. Çünki istənilən sahibkar onun xərclərində hər hansı bir artım baş verirsə, bunu bu və ya digər formada bazara təklif etdiyi məhsullarda kompensasiya etməyi həmişə planlaşdırır».
O ki qaldı, bu qərarda işğaldan azad olunan ərazilərə güzəşt edilməsinə, V.Orucun sözlərinə görə, həmin istisna ərazilərin bərpasına dəstək verə bilər:
“Bundan başqa, qeyd olunan dəyişiklik işğaldan azad olunmuş torpaqlarda yenidənqurma və infrastrukturun bərpası proseslərinə çox ciddi təkan verəcək və tikinti şirkətlərini məhz bu ərazilərdə fəaliyyətə stimullaşdıracaq. Doğrudan da, bu gün günümüzün vacib tələblərindən biri budur ki, uzun müddət erməni vandallarının taladığı və sıradan çıxartdığı ərazilərdə yenidənqurma işlərini aparıb həyatı canlandıraq. Uzun müddət Azərbaycandan ayrı düşmüş ərazilərin Azərbaycana reinteqrasiyasını təmin etmək istiqamətində müvafiq addımlar hökumətimiz tərəfindən və investorlar tərəfindən həyata keçirilir.
Bu, həm investorları bu istiqamətdə fəaliyyətə maraqlandıracaq, həm də tikintilərin, tikinti prosesinin, inşaat prosesinin aktivləşməsini təmin edəcək ki, bu da həmin ərazilərdə infrastrukturun inkişafı istiqamətində çox ciddi addımların atılması üçün əsas yaradacaq”, - deyə Vüqar Oruc bildirib.











