Paytaxtın Qaradağ rayonunda "Servic +" MTK tərəfindən inşa edilməkdə olan yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının Ədliyyə Naziri Fərid Əhmədov cənablarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov cənablarına müraciət ünvanlayıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Biz "Servic +" MTK tərəfindən Qaradağ rayonunda inşa edilməkdə olan çoxmənzilli yaşayış binasının payçıları olaraq Sizdən kömək istəyirik. Biz yaxşı bilirik ki, ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq məhz Sizkərin şəxsi iradə və təşəbbüsü ilə bu günə kimi neçə-neçə sakinin hüquqları qorunmuş, vətəndaşlarla ayrı-ayrı tikinti şirkətləri arasında yaranmış problemlər məhz Sizlərin iştirakı ilə, müdaxilənizlə sakinlərin xeyrinə həll olunmuşdur.
Bizim də qeyd olunan ünvandakı binadan mənzil hüququ əldə etmək istəyən payçılar olaraq Sizin köməyinizə, üzləşdiyimiz problemlərlə bağlı təcili müdaxilənizə ehtiyacımız var.
Cənab nazir, Cənab sədr, bizimlə "Servic +" MTK arasında fərqli-fərqli zamanlarda alqı-satqı müqaviləsi bağlanmış və bizlər sözügedən binada payçıya çevrilmişik. İlk başdan hər şey gözəl idi, hər şey qaydasında idi... Tikintiyə rəhbərlik edən Arzu Kazımov adlı şəxs bizə bu ilin sentyabr-oktyabr aylarının aralığında (bir neçə bina olduğundan ümumi olaraq iki aylıq müddət nəzərdə tutulub) evlərimizə köçə biləcəyimizi vəd etsə də, görünəni odur ki, göstərilən tarixdə nəinki biz köçə bilməyəcəyik və hazırki şərtlər altında mənzil sahibi olma hüquqlarımız belə təhlükə altına düşür.
Bunun isə səbəbkarı Nazim Tahirov adlı şəxsdir. Bəri başdan qeyd edək ki, bizim bu adamla bağlı məlumatlarımız çox az olub. Sonradan öyrəndik ki, əslində bu adam ayrı-ayrı sahibkarları şərləməklə, onların əmlaklarını, pullarını ələ kçeirməklə, hətta bəzilərini intihar həddinə çatdırmaqla bu vəziyyətə gəlib. Yəni əvvəlindən bilsəydik ki, bizim payçı olduğumuz yaşayış kompleksində belə bir təhlükəli kriminal keçmişi olan birisi var... yaxın belə düşməzdik. Və bu gün də "Servic + MTK"nın şəriyi kimi özünü təqdim edən, əslində isə tikintiyə mane olan, problem yaradan Nazim Tahirov adlı bu şəxs müxtəlif üsullarla, əsasən də saxta məhkəmə qərarları ilə açıq-aşkar təxribatla məşğuldur.
Bəri başdan qeyd edək ki, biz davamlı şəkildə payçısı olduğumuz inşaat işləri ilə maraqlandıqda şirkətin əsas sahibi kimi və işləri görən şəxs kimi Arzu Kazımovu tanımışıq. Az qala çiynində tikintiyə sement belə daşımış bu şəxs zamanında bizə vəd verib, arxayın salıb. İndi isə Nazim Tahirov saxta məhkəmə qərarları ilə bizim evlərin inşaasına ciddi problem yaradır və yazıqlar olsun ki, bəzi icra məmurları da onun kimi kriminal keçmişi olan birisinin əlində alətə çevriliblər. İş o həddə çatıb ki, saxta sənədlərlə sürücüsünü MTK rəhbərliyinə gətirdiyini elan edən Nazim Tahirov əslində bu addımı ilə təkcə biz payçıları yox, Azərbaycan dövlətinin hüquq sistemini elə salmış olur.
Cənab nazir, Cənab sədr, Nazim Tahirova biz etiraz etdikdə isə bu adam bizi "gedin hüquqlarını Prezident Administrasiyasından tələb edin... Yolu kəsin..." və bu kimi digər təxribat xarakterli çağırışlarla həm əsəblərimizi tarıma çəkir, həm də bizi dövlətimizə müraciət etməyə, təcili DÖVLƏT MÜDAXİLƏSİ tələb etməyə vadar edir.
Bəyan edirik ki, bu gün bizim durumumuz çox gərgindir və aramızda elə payçılar var ki son qəpiyini bu inşaata qoyub, ümidlə mənzil sahibi olacağını gözləyir. Yəni belə bir vətəndaş canı bahasına da olsa, canına qıymaq da olsa, hüquqlarını müdafiə edəcək. Ona görə də Sizdən xahiş edirik: Bəri başdan gərginlik yaranmamış
- Nazim Tahirovla bağlı təcili ölçü götürülsün,
- onun tikinti ərazisi ilə bağlı çıxardığı saxta məhkəmə qərarları dərhal ləğv edilsin və ümumiyyətlə, onun özünə birdəfəliik və qəti şəkildə tikintiyə yaxınlaşmaq qadağan edilsin.
Cənab nazir, Cənab sədr! Biz Sizə və Sizin timsalınızda dövlətimizə güvənir, sizdən kömək istəyirik. Xahiş edirik, "Servic +" MTK tərəfindən keçirilən bu inşaat işləri həm hüquqi yoxlamadan keçirilsin, həm də inşaatın davamı dövlətin nəzarəti altında icra olunsun ki, Nazim Tahirov kimiləri sonradan pozuculuq edə bilməsinlər...
Hörmətlə, "Servic + MTK" payçı mənzil sahibləri adından
R.N.Əkbərov;
S.İ.Babazadə;
M.S.Seyidəliyev;
V.O.Əliyev;
E.M.Seyidov;
A.Ə.Vəliyev;
Ç.Ə.Hüseynov;
İ.H.Nəcəfov;
A.B.Soltanov;
S.N.Balaməmmədov və digərləri...

















