Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi 10.07.2026-ci ildə dövlət satınalmalarının vahid internet portalında keçirilmədən bir neçə satınalma müqaviləsi bağlayıb.
Avtonəqliyyat vasitələrinin təmiri, ehtiyat hissələrinin alınması və servis xidməti üzrə “SK SERVİCES” MMC ilə 288.821,52 manat dəyərində.
Müxtəlif təyinatlı nəqliyyat vasitələrinin satın alınması üzrə “TOYOTA ABŞERON CENTER” MMC ilə 288.500 manat dəyərində.
EHM-larının,periferiya qurğularının və onların ehtiyat hissələrinin alınması, təmiri və quraşdırılması üzrə “QAFQAZNET” MMC ilə 890.332,83 manat dəyərində.
İdarə mövcud mərkəzləşmiş isitmə,soyutma və havalandırma sistemlərinə illik texniki xidmətlərin satın alınması üzrə 92.187,5, avadanlıqların təmiri, ehtiyyat hissələrinin alınması və servis xidməti üzrə 58.998,92 manat dəyərində satınalma müqavilələrini ″FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY″ MMC ilə bağlayıb.
Sedan tipli avtomobillərin satın alınması üzrə “AZƏRMAŞ PARK” MMC ilə 98.400 manat dəyərində.
Xidməti nəqliyyat vasitələrinin alınması üzrə “AUTO AZƏRBAYCAN” MMC ilə 443.600 manat dəyərində.
Göründüyü kimi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi 1 gün ərzində müxtəlif təyinatlı nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin alınması ilə bağlı ümumi dəyəri bir milyon manatdan çox 4 satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” qanununa görə satınalan təşkilat təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma predmetlərinin təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetinin ayrı-ayrı hissələrə (müqavilələrə) bölünməsinə yol verməməlidir.
Amma göründüyü kimi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi sedan tipli avtomobillərin, xidməti nəqliyyat vasitələrinin və müxtəlif təyinatlı nəqliyyat vasitələrinin satın alınması kimi eyni xüsusiyyətli satınalma predmetləri üzrə ayrı-ayrı şirkətlərlə müqavilə bağlamışdır.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, sözügedən Ekspertiza Baş İdarəsi daha əvvəlki illərdə də nəqliyyat vasitələrinin alınmasına təmirinə və ehtiyyat hissələrinin alınmasına külli miqdarda dövlət vəsaiti ayırıb.
1 ədəd xidməti nəqliyyat vasitəsinin satın alınması üzrə “TOYOTA GƏNCƏ MƏRKƏZİ” MMC ilə 92.000 manat dəyərində müqavilə 15.01.2026-cı ildə bağlanılıb.
2 ədəd xidməti nəqliyyat vasitəsinin satın alınması üzrə “TOYOTA BAKI MƏRKƏZİ” MMC ilə 391.000 manat dəyərində müqavilə 26.12.2025-ci ildə bağlanılıb.
“Avtonəqliyyat vasitələrinin təmiri, ehtiyyat hissələrinin alınması və servis xidmətləri” üzrə “İDEAL MOTORS” MMC ilə 167.235,62 manat dəyərində müqavilə 30.10.2025-ci ildə bağlanılıb.
Sedan tipli avtomobilin satın alınması üzrə “BUTA RENT” MMC ilə 45.500 manat dəyərində müqavilə 01.09.2025-ci ildə bağlanılıb.
Yalnız satınalmaların portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi 2025-ci ilin sentyabrından bu günə qədər, yəni 10 ay ərzində teni nəqliyyat vasitələrinin və nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin, cari təmir xidmətləri alınmasına ümumi olaraq milyon yarım manat məbləğində satınalma müqavilələri bağlayıb.
Qeyd edək ki, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin balansında nə qədər nəqliyyat vasitəsinin olması barədə heç bir məlumat əldə edə bilmədik. Qurumun müqavilə bağladığı xidmətlər üzrə nə qədər nəqliyyat vasitəsinə servis xidmətinin göstərildiyi, ehtiyyat hissələrinin hansı avtomobillərə alınması bəlli olmur. Bəlli olan odur ki, ayrılmış vəsaitlər xeyli şişirdilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”ndə nəzərdə tutulan və ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydalar”ının tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının bir pəncərə prinsipi ilə həyata keçirilməsini aparır. Belə ki, tikintisinə icazə tələb olunan obyektlərin layihə sənədləri digər sənədlərlə yanaşı yerli icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilməsi üçün Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə göndərilir. Yəni, bakı şəhərində baş alıb gedən qanunsuz tikililərə Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi müsbət rəy verdikdən sonra qanuniləşir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi rəisi Təyyar Hüseynlidir. O, sözügedən vəzifəyə 2021-ci ilin iyulunda təyin edilib. Göründüyü kimi Təyyar Hüseynli tikinti layihələrinin ekspertizadan keçirilməsi adı altında qazandıqları azmış kimi, həm də İdarənin nəqliyyat vasitələri üçün ehtiyat hissələrini də şişirdilmiş qiymətlərlə alıb, buradan də gəlir əldə edir.
Aktualinfo.net














