Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qayınatasını öldürməkdə təqsirləndirilən Teymur Əliyevin cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, ittiham aktına əsasən, hadisə 2025-ci ilin iyunun 29-da Şamaxı şəhərində baş verib.
Belə ki, Teymur Əliyev axşam saatlarında yaşadığı evin qarşısına çıxarkən azyaşlı qızı qaynanası ilə birlikdə küçədən keçib. Qızı atasını görərək onun qucağına qaçıb. Bu zaman qayınatası, zərərçəkmiş Elşən Quliyev uşağın geri verilməsini tələb etsə də, təqsirləndirilən şəxs qızı ilə birlikdə evə daxil olub.
İstintaq materiallarında göstərilir ki, gecə saatlarında qayınatasının onun ünvanına nalayiq ifadələr işlətməsini eşidən Teymur əsəbiləşərək evdən mətbəx bıçağı götürüb küçəyə çıxıb. O, bir müddət Şah İsmayıl Xətai və Məhəmməd Füzuli küçələrinin kəsişməsində gözləyib.
Bir qədər sonra Elşən Quliyev evdən çıxaraq onun yanına gəlib. Tərəflər arasında əvvəlcə uşaqlar, daha sonra isə ailənin maddi vəziyyəti və boşanma məsələsi ilə bağlı mübahisə yaranıb. Elşən Quliyev ona "ailəni dolandıra bilmirsən, qızımdan boşan" deyərək irad bildirib. Mübahisə zamanı tərəflər bir-birlərinə qarşı sərt ifadələr işlədiblər.
İstintaqın qənaətinə görə, zərərçəkmiş mübahisədən sonra arxasını çevirərək uzaqlaşmağa başlayarkən Teymur arxadan yaxınlaşıb əlindəki mətbəx bıçağı ilə onun bel nahiyəsinə ardıcıl iki zərbə endirib.
Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, zərərçəkmişə bel nahiyəsində biri həyat üçün təhlükəli olmaqla iki bıçaq xəsarəti yetirilib. Zərbələrdən biri aşağı boş venanın zədələnməsi ilə müşayiət olunub və ağır daxili qanaxmaya səbəb olub. Yaralı təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aparılan cərrahi əməliyyat zamanı ağır qanitirmə nəticəsində həyatını itirib.
Məhkəmədə ifadə verən Teymur Əliyev özünü qismən təqsirli bildiyini deyib. O deyib ki, hadisədən əvvəl qayınatası ilə uzun müddətdir münasibətləri gərgin olub.
Onun sözlərinə görə, əvvəllər Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis nəfəri işləyib, lakin xidmətdən xaric edildikdən sonra işsiz qalıb. Məhz bundan sonra Elşən Quliyev onun ailəsini dolandıra bilmədiyini dəfələrlə irad tutub və qızının ondan boşanmasını istəyib.
Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı bir müddət əvvəl valideynlərinin evinə gedib və geri qayıtmayıb. O, uşaqlarını və ailəsini qorumaq istədiyini, boşanmaq fikrində olmadığını deyib.
Hadisə günü isə qayınatasının sərxoş vəziyyətdə onu, valideynlərini və mərhum qohumlarını ağır söyüşlərlə təhqir etdiyini iddia edib.
Teymur Əliyevin sözlərinə görə, bu səbəbdən əsəbiləşərək evdən mətbəx bıçağı götürüb küçəyə çıxıb:
"Məqsədim onu öldürmək deyildi. Sadəcə xəsarət yetirib qorxutmaq istəyirdim ki, bir də mənə və ailəmə toxunmasın”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisə zamanı qayınatası ona yenidən "qızımdan boşan" deyib, valideynlərini söyüb və həmin anda özünü saxlaya bilməyib.
O deyib ki, bıçaq zərbələrini vurduqdan sonra peşman olub:
"Əgər öldürmək istəsəydim, ürəyinə və ya sinəsinə zərbə endirərdim. Mən sadəcə sağrı nahiyəsinə vurmaq istəmişdim. İlk zərbə belinə dəydi, sonra bıçağı çıxarıb ikinci dəfə vurmuşam”.
Teymur Əliyevin sözlərinə görə, hadisədən dərhal sonra təcili tibbi yardıma zəng edib, ardınca polisə məlumat verib və istifadə etdiyi bıçağı da özü ilə apararaq könüllü şəkildə polis şöbəsinə gedib.
Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində də hadisənin ailədaxili gərginlik fonunda baş verdiyini bildirib.
O qeyd edib ki, 2019-cu ildə ailə qurub və üç azyaşlı övladı var. Polis orqanlarından xaric edildikdən sonra qayınatası onun işsiz olmasını tez-tez üzünə vurub, ailəsini dolandıra bilmədiyini deyərək qızını boşanmağa məcbur etməyə çalışıb.
İfadəsinə görə, hadisə günü Elşən Quliyevin ağır söyüşlərindən sonra əsəblərinə hakim ola bilməyib, mətbəxdən bıçaq götürərək küçəyə çıxıb. O, əvvəlcədən öldürmək deyil, yalnız xəsarət yetirib qorxutmaq niyyətində olduğunu bildirib.
Təqsirləndirilən şəxs vurğulayıb ki, hadisədən dərhal sonra qohumu olan polis əməkdaşına zəng edərək törətdiyi əməli etiraf edib və könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.

















