Ermənistanın sabiq xarici işlər naziri, revanşist Vardan Oskanyan keçmiş Dağlıq Qarabağı Malvin adaları ilə müqayisə edib. Bu barədə "Bakı-Xəbər" yazıb. Oskanyan deyib ki, Argentina Malvin adalarını öz konstitusiyasında saxlaya bilir, amma Azərbaycan Ermənistan konstitusiyasını dəyişməyə məcbur edir.
Əslində isə bambaşqa məsələlərdir və yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Malvin adaları Argentinanın idi, amma keçmiş Dağlıq Qarabağ Ermənistanın deyil, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir. Həmişə də belə olub.
Qeyd edək ki, 1982-ci ildə Argentina Böyük Britaniya arasında Folklend (Argentinada Malvin adaları adlandırılır) uğrunda 74 günlük müharibə baş verib. Münaqişə zamanı 900-dən çox insan həlak olub. Bu müharibədə sonda Argentina qalib gəlib. Çünki Malvin İngiltərənin yox, Argentinanın idi, sonda özünə qaytarıb.
Oskanyan bununla hansı bəd niyyəti güdür?
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a bildirib ki, Oskanyanın sayıqlamaları nə hüquqi, nə də siyasi baxımdan əsaslandırılmış analogiyadır:
“Bu cür müqayisələr ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərini təhrif etməyə xidmət edir. Çünki Malvin adaları ilə bağlı mübahisə iki dövlət, yəni Argentina və Böyük Britaniya arasında suverenlik iddiasından qaynaqlanırdı. Qarabağ məsələsində isə vəziyyət tamamilə fərqli idi. Həm BMT, həm də bütün beynəlxalq birlik Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyırdı və Ermənistan heç vaxt həmin ərazi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyə malik olmayıb. Bunu Oskanyan özü də kifayət qədər yaxşı bilir”.
Onun sözlərinə görə, bu tip açıqlamalarla beynəlxalq auditoriyada yanlış təsəvvür formalaşdırmağa cəhd edilir: “O, Qarabağ məsələsini başqa bir beynəlxalq münaqişə ilə eyniləşdirərək Ermənistanın əvvəlki mövqeyinə legitimlik qazandırmağa çalışır. Halbuki iki hadisənin nə tarixi, nə hüquqi statusu, nə də beynəlxalq hüquq baxımından qiymətləndirilməsi arasında hər hansı oxşarlıq var. Məhz buna görə də belə paralellər siyasi ritorika xarakteri daşıyır və obyektiv hüquqi təhlilə söykənmir. Oskanyanın Ermənistan Konstitusiyası ilə bağlı irəli sürdüyü arqument də eyni dərəcədə mübahisəlidir. Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı iradları hər hansı dövlətin daxili işlərinə müdaxilə məqsədi daşımır. Məsələ ondan ibarətdir ki, sülh sazişinin uzunmüddətli və etibarlı olması üçün tərəflərin rəsmi sənədlərində bir-birinə qarşı mümkün ərazi iddialarına hüquqi əsas yarada biləcək müddəaların aradan qaldırılması vacib hesab edilir. Beynəlxalq münasibətlər praktikasında bu cür yanaşmalar yeni deyil və davamlı sülh proseslərinin mühüm elementlərindən biridir”.
R.Bayramov üçün diqqətçəkən başqa məqam isə odur ki, Ermənistanın keçmiş rəhbərliyinə mənsub şəxslər son dövrlərdə sülh gündəliyini dəstəkləmək əvəzinə, daha çox keçmiş münaqişə ritorikasını gündəmdə saxlamağa çalışırlar: “Bu cür açıqlamalar Ermənistan daxilində revanşist meyillərin hələ də tam aradan qalxmadığını göstərir. Halbuki regionun əsas ehtiyacı keçmiş münaqişələri yeni terminlərlə yenidən müzakirə etmək deyil, mövcud reallıqları qəbul edərək gələcəyə yönəlmiş əməkdaşlıq modelini formalaşdırmaqdır”.
Politoloq onu da qeyd edib ki, əgər Oskanyan həqiqətən beynəlxalq hüquqa istinad etmək istəyirsə, o zaman eyni hüququn Azərbaycanın ərazi bütövlüyünü uzun illər ərzində birmənalı şəkildə tanıdığını da qəbul etməlidir: “Seçmə yanaşma ilə yalnız müəyyən prinsipləri ön plana çıxarmaq, digərlərini isə görməzdən gəlmək hüquqi arqument deyil, siyasi manipulyasiyadır. Oskanyan və onun kimiləri nəhayətdə dərk etməlidirlər ki, tarixi və hüquqi faktları təhrif edən müqayisələrlə Cənubi Qafqazda sabit gələcək təmin etmək mümkün deyil. Bunun yolu beynəlxalq hüququn prinsiplərinə hörmət və qarşılıqlı öhdəliklərə əsaslanan davamlı sülh yanaşmasından keçir”.
Musavat.com










