İranın xarici işlər naziri Abbas Əraqçının ölkənin ali dini rəhbəri Müctəba Xamenei ilə görüşə bilmədiyini açıqlaması Tehranda ciddi idarəetmə böhranı yaşandığını ortaya qoyub.
Yenicag.az-a şərh verən politoloq Elşad Həsənov İranda yaranmış bu vəziyyətə etiraz edərək, xarici işlər nazirinin ali dini rəhbər tərəfindən qəbul edilməməsini dövlət idarəetməsində mənfi və təhlükəli hal kimi qiymətləndirib:
“Fevralın 28-də ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlarda İran generallarının və sabiq ali dini rəhbərin qətlə yetirilməsindən sonra hakimiyyətdə ciddi boşluq yarandı. Həmin vaxt onun oğlu Müctəba Xameneinin də yaralandığı bildirilmişdi. Daha sonra o, yeni ali dini rəhbər seçilsə də, hazırda müalicəsinin davam etdirildiyi vurğulanır. Məsələ burasındadır ki, seçildiyi gündən bəri onu canlı görən yoxdur. Nə televiziyada, nə də mətbuatda haqqında heç bir yeni foto və ya görüntü dərc edilmir. Hətta atasının dəfn mərasimində belə iştirak etdiyini görən olmadı.
Bu müəmmalı vəziyyət fərqli şayiələrin yaranmasına yol açır. Bəzi mətbu orqanlar onun artıq həyatda olmadığını, digərləri isə komada və ya xaricdə müalicədə olduğunu yazırlar. Əraqçının son bəyanatı da təsdiqləyir ki, ölkənin baş diplomatı belə ali dini rəhbərin qəbuluna düşə bilmir. Əgər xarici işlər naziri dövlət başçısı ilə görüşmürsə, bəs prosesləri kim idarə edir? Hansı gizli qüvvələr onun adından qərarlar verir?
Fakt odur ki, Əraqçi hazırda xarici siyasəti parlamentlə məsləhətləşərək aparır, digər tərəfdən isə SEPAH-dan (İslam İnqilabı Keşikçiləri Korpusu) birbaşa təlimatlar alır. İranda eyni anda həm dini liderin, həm SEPAH-ın, həm də parlamentin ayrı-ayrılıqda qərar verməsi ölkədə vahid idarəetmə sisteminin iflic olduğunu göstərir. Tehrandakı mövcud daxili böhranların və xaosun kökündə dayanan əsas səbəb də məhz bu çoxbaşlı idarəetmə sistemidir”.










