Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində kadr dəyişikliyi baş verib.
"DİA-AZ" xəbər verir ki, maliyyə nazirinin əmri ilə Fərid Rəsulov və Emil Quliyev agentliyin direktorunun müavinləri vəzifəsinə təyin olunublar.
F.Rəsulov bundan əvvəl 2025-ci ilin may ayından Maliyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışıb.
F.Rəsulov əmək fəaliyyətinin böyük hissəsini Dövlət Sosial Müdafiə Fondunda keçirib. O, 2020–2025-ci illərdə Fondun Strateji planlaşdırma və investisiyalar departamentinin rəhbəri, 2015–2020-ci illərdə isə statistika üzrə mütəxəssis vəzifəsində işləyib.
E.Quliyev isə bu təyinatadək Agentliyin Layihələrin İdarə Edilməsi Departamentinin rəhbəri olub. O, 2019–2026-cı illərdə Prezident Administrasiyasında baş məsləhətçi, bundan əvvəl isə Maliyyə Nazirliyində Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdir müavini, Makroiqtisadiyyat sektorunun müdiri vəzifələrində çalışıb. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərib.
F.Rəsulov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi kibernetika ixtisası üzrə bakalavr, E.Quliyev isə həmin universitetdə maliyyə və kredit ixtisası üzrə bakalavr və magistr təhsili alıb.







