İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniya və Bəhreyndəki hava bazalarına uğurlu zərbələr endirildiyini və Küveytdəki hərbi obyektlərin dağıdıldığını bildirib.
Yeniavaz.com “Fars” agentliyinə istinadla xəbər verir ki, İordaniya bazasına edilən hücum nəticəsində sursat anbarları və yanacaq çənlərinin yandığı bildirilir.
Məlumata görə, SEPAH İordaniya bazasına edilən hücumu “Qisas əməliyyatı”nın birinci mərhələsi adlandırıb. İkinci mərhələ isə Bəhreyndəki Şeyx İsa bazasına edilən hücum olub.
Agentliyin məlumatına görə, hücum zamanı Şeyx İsa bazasında yerləşən mühüm helikopter təmiri və texniki xidmət mərkəzləri, P-8 təyyarə anqarı və ABŞ ordusunun pilotsuz təyyarə idarəetmə mərkəzi məhv edilib.
Küveytdə İran qüvvələri yanacaq çənlərini, “Patriot” hava hücumundan müdafiə sistemini və strateji FPS radar sistemini məhv edib.
SEPAH-ın Aerokosmik Qüvvələri cavab əməliyyatının üçüncü mərhələsində Küveytin Ali Salem şəhərindəki Amerika aviabazasında yanacaq çənlərini, “Patriot” hava hücumundan müdafiə sistemini və Əhməd əl-Cabir aviabazasında strateji FPS radar sistemini məhv edib.
SEPAH həmçinin Küveytdəki ABŞ hərbi bazasına zərbə endirildiyini və bir sıra hərbi obyektlərin məhv edildiyini iddia edib.
SEPAH-ın məlumatına görə, əməliyyat “Qisas Əməliyyatı”nın dördüncü mərhələsi olub. İran iddia edir ki, hücumun hədəfi ABŞ raket bazası olub və İran tərəfinin fikrincə, bu baza mülki hədəfləri vurmaq üçün istifadə edilib.
Zərbə nəticəsində iki HIMARS çoxatanlı raket sistemi, eləcə də raket sursatı olan anbarlar tamamilə məhv edilib.







