Elm və Təhsil Nazirliyi (ETN), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA), o cümlədən onlara tabe olan regional idarə və sektorlar səviyyəsində genişmiqyaslı maliyyə yoxlamalarının aparılması artıq qaçılmaz zərurətə çevrilib. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün yüksək vəzifə tutan bir sıra məmurlar dövlət büdcəsini “mədəni yollarla” mənimsəmək xəttini tutublar.
Tribuna.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Vüqar Məmmədov bildirib. O qeyd edib ki, ən acınacaqlısı isə odur ki, bütün bu proseslərə nəzarət etməli olan bəzi aidiyyəti təşkilatlar mövcud neqativ hallara göz yumaraq özbaşınalıqların daha da genişlənməsinə münbit şərait yaradırlar:
“Sistemdəki qanunsuzluqlar ən qabarıq şəkildə kadr siyasətində, xüsusən də işə qəbul və təyinat mexanizmlərində özünü büruzə verir.
İdarələrdə vəzifələrə təyinatlar, Direktorların və Müəllimlərin İşə Qəbulu (DİQ, MİQ) prosesləri, habelə müəllimlərin iş yeri yerdəyişmələri bəzən obyektivlikdən uzaqlaşaraq fərdi maraqların təmini alətinə çevrilir. Rəhbər kadrların heç bir ehtiyaca əsaslanmayan qeyri-qanuni rotasiyası və hətta texniki işçilərin işə qəbulunda belə müşahidə edilən qeyri-şəffaf mühit idarəetmədə inhisarçılığı daha da dərinləşdirir.
Dövlət vəsaitlərinin şübhəli şəkildə xərcləndiyi əsas istiqamətlərdən biri də infrastruktur layihələri və məktəblərin təminat məsələləridir. Təhsil müəssisələrində həyata keçirilən təmir-tikinti işləri, həmçinin təsərrüfat xərclərinin idarə olunması zamanı yol verilən yeyintilər ciddi narahatlıq doğurur. Ayrılan maliyyə vəsaitlərinin müqabilində bəzən keyfiyyətsiz işlərin təhvili və hesabatlardakı uyğunsuzluqlar bu sahədə mütləq şəkildə amansız audit yoxlamalarının aparılmasını zəruri edir”.
Ekspert bildirib ki, məktəbdaxili mühitdə baş verən özbaşınalıqlar isə bu zərərli zəncirin ən təhlükəli halqası hesab olunur:
“Dərs bölgüsü zamanı yaranan ədalətsizliklər, süni yollarla məktəbdə əlavə gəlirlərin əldə edilməsi və təhsil ocaqlarında iaşə işlərinin bərbad təşkili mənəvi tənəzzüldən xəbər verir. Bütün bu mənfi hallara bilərəkdən rəvac verən, onlara birbaşa şərait yaradan məktəb rəhbərləri təhsil müəssisələrini elm ocağı kimi deyil, özlərinin şəxsi qazanc mənbəyi kimi idarə edirlər.
Sadalanan onlarla acı fakt təhsil sisteminin xilası üçün dərhal şəffaf, kənar və obyektiv təftişlərin aparılmasını tələb edir.
Mövcud vəziyyətdə bütün tabe qurumların fəaliyyəti dərindən yoxlanılmalı, təhsilin inkişafına mane olan və sistemi mənfəət mənbəyinə çevirənlər hüquqi müstəvidə ciddi şəkildə cəzalandırılmalıdır. Yalnız belə qətiyyətli addımlarla dövlət büdcəsinin talanmasının qarşısını almaq və ölkənin gələcəyi olan təhsil sistemində nizam-intizamı bərpa etmək mümkündür”.







