Azərbaycanın iri internet və telekommunikasiya şirkətlərindən biri “Uninet” MMC-də növbəti korporativ dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, əvvəl şirkətin direktoru olan İlqar Nəhmədovu bu vəzifədə Teymur Əsgər-Zadə Rafik oğlu əvəz edib.
Teymur Əsgər-Zadə 2026-cı ilin iyun ayından etibarən bu vəzifədə çalışır.
O, bundan əvvəl 2025–2026-cı illərdə Teleradio PHŞ-də baş icraçı direktorun səlahiyyətlərini icra edib, 2024–2026-cı illərdə Facility Management Group (FMG)-də baş icraçı direktorun müşaviri olub. Əsgər-Zadə daha əvvəl də 2020–2024-cü illərdə CityNet-ə rəhbərlik edib, həmçinin Azerconnect, AzerTelecom və Azerfon (Nar) şirkətlərində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən əməliyyatlar, inteqrasiya, layihələrin idarə edilməsi və kommersiya istiqamətləri üzrə çalışıb.
Qeyd edək ki, bundan təxminən iki ay əvvəl şirkətdə yenidən təşkil prosesi həyata keçirilmişdi. Həmin vaxt “Megalink” MMC fəaliyyətinə xitam verərək “Uninet” MMC-yə qoşulduğunu elan etmiş, bununla əlaqədar “Uninet” yenidən təşkil olunmuşdu.
“Uninet” MMC 10 oktyabr 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 196 milyon manat təşkil edir.







