Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyunun 15-də Avropa İttifaqının (Aİ) Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqların ilk mərhələsinə başlayacağını açıqlayıb.
Analitiklərin fikrincə, Aİ rəsmisinin açıqlamasına baxmayaraq, adı çəkilən ölkələrin ittifaqa qəbul edilib-edilməyəcəyi hələlik bəlli deyil.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki İttifaqın Ukrayna və Moldova ilə bağlı üzvlük danışıqlarının ilk mərhələsinə başlaması hər iki ölkənin Avropaya inteqrasiyası yolunda mühüm siyasi hadisə hesab oluna bilər:
“Amma buna baxmayaraq, danışıqların başlanması üzvlüyün qısa müddətdə reallaşacağı anlamına gəlmir. Məlumdur ki, Avropa İttifaqına üzvlük prosesi uzunmüddətli, mürəkkəb və çoxsaylı siyasi, hüquqi və iqtisadi meyarların yerinə yetirilməsini tələb edən bir mərhələdir.
Ukrayna məsələsində əsas problem ölkənin hələ də davam edən müharibə şəraitində olmasıdır. Rusiya-Ukrayna müharibəsi təkcə təhlükəsizlik baxımından deyil, həm də iqtisadi və institusional sabitlik baxımından ciddi risklər yaradır. Avropa İttifaqı tarixində münaqişə vəziyyətində olan və ərazi bütövlüyü problemi yaşayan bir dövlətin üzvlüyə qəbul olunması presedenti yoxdur. Buna görə də Ukraynanın tamhüquqlu üzvlüyü üçün ilk növbədə müharibənin başa çatması və ölkənin bərpa prosesinin uğurla həyata keçirilməsi vacib şərtlərdən biridir.
Moldova isə Ukrayna ilə müqayisədə daha sabit vəziyyətdə olsa da, onun da qarşısında ciddi çağırışlar mövcuddur. Xüsusilə Dnestryanı region problemi, iqtisadi inkişaf səviyyəsinin Aİ standartlarından geri qalması və dövlət institutlarının daha da gücləndirilməsi zərurəti Kişinyovun üzvlük yolunda həll etməli olduğu məsələlər sırasındadır. Bununla belə, son illərdə Moldovanın Avropa yönümlü siyasəti və həyata keçirdiyi islahatlar Brüsseldə müsbət qarşılanır”.
Politoloq bildirib ki, hazırkı mərhələdə Avropa İttifaqının əsas məqsədi bu iki ölkəyə siyasi dəstək nümayiş etdirmək və onları Avropa məkanına daha sıx inteqrasiya etməkdir:
“Xüsusilə Ukrayna ilə bağlı qərarlar geosiyasi məna daşıyır və Rusiyanın regiondakı təsirinə qarşı strateji cavab kimi qiymətləndirilməlidir. Amma onu qeyd edim ki, Aİ daxilində genişlənmə məsələsinə ehtiyatla yanaşan dövlətlər də mövcuddur. Bir sıra üzv ölkələr yeni genişlənmə dalğasının İttifaqın idarəetmə mexanizmlərinə, büdcəsinə və qərar qəbuletmə prosesinə təsirlərini nəzərə almağın vacibliyini vurğulayırlar.
Ümumilikdə, Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü perspektivi əvvəlki illərlə müqayisədə daha real görünür. Lakin bu prosesin yaxın bir neçə ildə tamamlanacağını gözləmək çətindir. Danışıqların başlanması siyasi iradənin göstəricisi olsa da, tam üzvlüyə gedən yolun uzun və mürəkkəb olacağı şübhə doğurmur. Buna görə də yaxın perspektivdə əsas gözlənti üzvlük yox, Avropa İttifaqı ilə siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsi olacaq”.









