Ermənistan parlamentinin sədri Alen Simonyanın Die Welt-in rus redaksiyasının müxbiri Konstantin Eqqertə verdiyi müsahibə çox mətləblərə aydınlıq gətirə bilər. Əgər sətiraltını tuta bilsəniz.
Birincisi, görəcəksiniz ki, demokratik yolla seçilmiş parlamentin sədri niyə Lavrov otağa girəndə ayağa durmaz. Bu istiqamətdə dərinə getmədən bircə onu deyim ki, adam çox ölçülü-biçili və bəzən dərin danışır, suaları yola vermir. Yəni siyasətçidir, üstəlik intellektlidir.
İkinci məsələnin üstündə durmaq istəyirəm. Müxbir çox narahatdır ki, Alen Simonyan niyə belə asanlıqla Azərbaycanla barışmağın mümkünlüyündən danışır. Bəs erməni xalqının əzilməsi, bəs soyqırım, bəs etnik təmizləmə, bəs mədəni abidələrin dağılması? Bunu birbaşa deməsə də, dolayı yolla Simonyana çatdırmağa və bu barədə kəskin mövqe almağa çalışır. Sİmonyan dözməyərək partlayır. Xariciləri, xüsusən avropalıları nəzərdə tutub deyir ki, bəsdir bizi yalnız qurban kimi görməyə çalışmağınız. Yetər artıq.
İllərdir yeri gələndə yazdığımı təkrarlayıram. Ermənilərlə azərbaycanlılar yalnız birbaşa barışa bilərlər, istənilən vasitəçi, elə lap yarısı azərbaycanlılardan ibarət olan İran isteblişmenti heç vaxt bu işə yardım etməyəcək. Heç bir xarici jurnalist, araşdırmaçı münaqişənin mənbəyini, mexanizmini dərindən öyrənməyəcək.
Yazdıqlarımı unudanlar üçün bir də xırdalayım. Yaşı 50-ni keçmiş erməni və azərbaycanlılar arasında münaqişənin necə başlamasının birbaşa şahidləri çoxdur. Bütün Azərbaycanda ermənilərə qarşı ayrı-seçkiliyə aid heç bir insident olmadığı bir vaxtda - 1987-ci ilin avqustunda Ermənistanda imzatoplama kapmaniyası başlayır, bir neçə ay sonra Parisdə sovet akademiki, Mixail Qorbaçovun iqtisadiyyat üzrə müşaviri Abel Aqanbekyan Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi məsələsinin iqtisadi baxımdan məqsədəuyğun olduğunu deyir.
Paralel olaraq, İrəvanda belə fikirlər səslənir. Moskva mediasında ermənilərin hüquqlarının pozulması, ermənilərin əzabkeş xalq olamaları, torpaqlarının az olması haqda ağlaşma verilişləri gedir. Hələ Azərbaycanın xəbəri yoxdur: erməniləri döydüyünü bilmir. 1987-ci ilin sentyabr-oktyabr aylarında Ermənistanın Qafan rayonundan Azərbaycanın Zəngilan rayonuna ilk qaçqınlar dəstəsi gəlir.
Azərbaycan rəhbərliyi də, uzun illər yalnız pambıq planından yazmağa alışdırılmış media da hələ bir ildən çox bu hadisələr barədə susacaq, ört-basdır eləməyə çalışacaq.
Bu arada Ermənistanda yaradılan bandalar, Yaxın Şərqdən gətirilən silahlı terrorçular, Ermənistandakı azərbaycanlıları qovmaqda davam edəcək və paralel olaraq erməni lobbisinin Avropada və Moskvada kirayələdiyi məşhur adamlar ermənilərin hüquqlarının pozulması haqda hay-küy qaldıracaqlar.
Böyük bir daşnak apologetləri şəbəkəsi meydana çıxacaq.
Münaqişə qızışdıqca Akademik Saxarov kimi təmiz dissidentlərdən tutmuş, Baronessa Koksa qədər xeyli sanballı adam da bu küyə gedəcək.
(İndiki gənc araşdırmaçılar o mühitin məhsulları ilə işlədikləri üçün heç vaxt münaqişənin kökünü tapa bilməyəcəklər).
Ancaq həqiqəti bilənlər var. Yerli azərbaycanlılar və yerli ermənilər. Avropalıların oxuduqlarından onların gördükləri daha doğru istiqamət verir. Ola bilməz ki, bütün ermənilər riyakar olsunlar, gördüklərini dansınlar. Amma Avropadakı və ya Amerikadakılar haqda bunu demək olmaz. Onlar steril mühutdə beyinlərinə yeridilmiş hazır mənzərə və ssenaridən çıxa bilmirlər.
Oxuduqlarından nəticə çıxaran Konstantin Eqqertin öz gördükləri əsasında nəticə çıxaran Alen Simonyandan fərqi budur. Simonyan ona görə partladı.
Müəllif: Rövşən Əliyev - "DİA-AZ"









