İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu prosesi rəsmən başa çatıb. Audiovizual Şuranın yaydığı məlumata görə, boş qalan vəzifə uğrunda ümumilikdə 11 nəfər mübarizə aparacaq.
Namizədlər siyahısında yer alan tanınmış jurnalist, hazırda "Bakues.az" saytının rəhbəri Fikrət Məmmədov qərarı ilə bağlı media üçün xüsusi açıqlama verib.
Fikrət Məmmədov qeyd edib ki, onun namizədlik qərarı təsadüfi deyil və İctimai TV ilə olan bağı çox dərindir:
"İctimai TV mənim üçün sadəcə bir iş yeri deyil, çox doğma bir məkandır. Çünki bu kanal 2005-ci ildə gözümüzün önündə, bilavasitə iştirakımızla yaradıldı. Peşəkar bir televizionçu kimi formalaşmağıma görə daha çox bu kanala borcluyam. İTV-nin yaranma prosesindən başlayaraq, müxtəlif departamentlərdə çalışmışam, uzun illər qurumun Rusiya üzrə xüsusi müxbiri vəzifəsini icra etmişəm. Bu kanalın hər bir kərpicində əməyimiz var."
Hazırkı vəziyyəti analiz edən namizəd, gələcək hədəflərinin konkret olduğunu bildirib:
"Etiraf etmək lazımdır ki, İctimai TV hazırda digər yerli telekanallarla müqayisədə daha dolğun və informativ yayım həyata keçirir. Lakin mənim məqsədim bu səviyyəni daha da yüksəltməkdir. Namizədlik qərarım birdən-birə yaranmayıb; biz uzun müddətdir bu doğma kanalı diqqətlə izləyirik, analiz edirik. Artıq kanalın gələcək inkişafı ilə bağlı əlimizdə konkret konsepsiya hazırdır."
Fikrət Məmmədov seçiləcəyi təqdirdə köklü dəyişikliklər edəcəyini vurğulayıb:
"Məqsədimiz İTV-nin müasir standartlara cavab verən, eyni zamanda milli kanal obrazını daha da gücləndirməkdir. Seçiləcəyim təqdirdə, tamaşaçılarımıza daha baxımlı, daha maraqlı və Azərbaycanın milli ruhunu tam əks etdirən bir İctimai Televiziya söz verirəm."











