Sabunçu rayon icra başçısı Adil Vəliyevin Balaxanı qəsəbəsində keçirdiyi səyyar qəbuldan yayımlanan fotolara baxıram.
Səhnə dəyişməzdir - ən öndə icra başçısı, ön sırada müavinlər, şöbə müdirləri, əsabələr…
Arxa sırada isə Balaxanının kasıb, sosial problemlər içində boğulan sakinləri.
Bu düzülüşlə hansı səmimi müzakirədən danışmaq olar? Hansı vətəndaş öz dərdini rahat deyə bilər?
Problem deyən insan ön sırada oturan məmurun üzünü yox, arxasını, kürəyini görür.
Olmazdımı bu “əsabələr” sağda və ya solda əyləşsin, sadə insanlar önə keçsin? Olmazdımı məmur bir az da dinləyən tərəf olsun?
Bu nə standartdır, nə protokoldur, nə də xalqla ünsiyyət. Bu sadəcə köhnə, soyuq və bəlkə də yuxarıdan-aşağı baxan idarəetmə zehniyyətidir.
Səyyar qəbullar şəkil üçün deyil, insanların probleminin həlli üçün olmalıdır. Vətəndaşın dediyi söz məmurun kürəyinə dəyib elə özünə qayıdır.
Ədil Hüseynli - "DİA-AZ"











