Telefonunu qaytarmadığı üçün tanışını bıçaqlayaraq qətlə yetirən keçmiş məhkum Rauf Sadıqovun cinayət işinin bəzi detalları məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, 2025-ci ilin dekabrında Xətai rayonu NZS qəsəbəsində baş verib.
Belə ki, Rauf Sadıqov CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmünə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.
Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 9 ay 9 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsində qərarına əsasən cəzaçəkmə müəssisəsinin növü dəyişdirilərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.
25.12.2025-ci il tarixdə, saat 19:00-da icazə müddəti başa çatsa da cəzaçəkmə müəssisəsinə qayıtması üçün sərnişin daşıma haqqına görə kifayət qədər pul vəsaiti olmamasını əsas gətirməklə 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə geri qayıtmayıb azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən boyun qaçırıb.
Bundan başqa o, tanışı Elsevər Cəfərovun dəvəti ilə narkotik vasitə əldə edilməsindən məlumatsız olaraq Ramin Qarayevlə birlikdə taksi vasitəsi ilə "Neftçilər"metrostansiyasının yaxınlığına gediblər. Elsevər Cəfərov və Ramin Qarayev tərəfindən narkotik vasitə olan heroin əldə edildikdən sonra geri qayıdarkən avtomobilin arxa oturacağında əyləşən zaman qaranlıq olması səbəbindən taksinin ödəniş haqqının ödənilməsi məqsədilə pul vəsaitlərini sayarkən pul vəsaitlərini işıqlandırması üçün onunla birlikdə əyləşmiş Ramin Qarayevə Mobil telefonunu verib.
Təyinat nöqtəsinə çatıb avtomobildən düşdükdən bir müddət sonra mobil telefonun Ramin Qarayevdə qalmasını xatırlayıb həmin mobil telefonu Ramin Qarayevdən geri tələb edib.
Lakin Ramin müxtəlif bəhanələr gətirməklə telefonu geri qaytarmayıb və tərəflər arasında mübahisə yaranıb.
Rauf gecə 2-də mətbəx bıçağı ilə Ramin Qarayevin döş qəfəsinin daxilə nüfuz edərək bədənin müxtəlif nahiyələrinə zərbələr endirib.
Bununla da, Rauf Sadıqova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 305-ci (Azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə araşdırılır.











