İran ABŞ prezidenti Donald Trampı öldürən şəxsə böyük məbləğdə mükafat vəd edib. Tribuna.az xəbər verir ki, bunu Parlamentin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi açıqlayıb. O deyib ki, Trampla bağlı dini fətva var və onun icrası həyata keçirilməlidir: “Biz hökumətin bu dini missiyanı, Trampı öldürməyi yerinə yetirən hər hansı bir fiziki və ya hüquqi şəxsə mükafat olaraq 50 milyon avro ödəyəcəyini proqnozlaşdırmışıq”.
Göründüyü kimi, Trampa terror hədəsi rəsmi (dövlət) səviyyəsində elan edilib. Hərçənd İran ali rəhbərini aradan götürən ABŞ yox, İsrail olub. Amma Netanyahunun yox, Trampın başına pul qoyulur.
Məlumdur ki, Trampa indiyədək bir neçə dəfə sui-qəsd cəhdi olub. İran xüsusi xidmət orqanları və ona bağlı ekstremist qüvvələr Əli Xameneinin qisasını almaq üçün Ağ Ev liderinə xətər yetirə bilərmi? ABŞ prezidentləri necə qorunur?
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a açıqlamasında bu çağırışın hazırkı situsiyada normal olduğunu qeyd edbi: “İran rəsmisinin dediklərindən anlaşılır ki, atəşkəs olmasına baxmayaraq, müharibənin yenidən başlaması qaçılmaz görünür. Tərəflərin ritorikası hazırda müharibənin başlayacağı istiqamətindədir. Belə vəziyyətdə ABŞ prezidentinə sui-qəsd çağırışları bu ritorika çərçivəsində normaldır. Eyni səpkili bəyanatları yaxın keçmişdə Səddam Hüseyn, Müəmmar Qəddafi, terror təşkilatı rəhbərlərindən də vaxtı ilə eşitmişdik. Ümumiyyətlə, ABŞ prezidentlərinə sui qəsdlər son 200 ildə çox olub. Bu sui-qəsdlər nəticəsində həyatını itirən prezidentlər də olub, yaralananlar da. Hətta son anda qarşısı alınan sui-qəsdlər də yaşanıb. Hazırda ABŞ prezidentləri dünyada ən güclü qorunan siyasətçilər sırasındadırlar”.
Ekspert tarixi bir faciəni də xatırladıb: “1963- cü ildə Kennediyə ölümlə nəticələn sui qəsddən sonra Ağ Ev sahiblərinin mühafizə sistemi tamamilə yeniləndi, mühafizənin sayı, texniki təminatları artırıldı. Amma sui-qəsd cəhdləri yenə də oldu. O səbəbdən, fövqalədə vəziyyətlərdə 1-ci şəxslərin mühafizəsi maksimum həddə çatdırılır və ola biləcək təhlükələrin haradan gəlməsi, kimlər tərəfindən necə həyata keçirilməsi ehtimalları mühafizə sisteminə daxil olan analitik qruplar tərəfindən proqnozlaşdırılır. İranın belə bir arzusunun olması heç kimə sirr deyil. Amma həyata keçmə imkanlarına baxsaq heç kim 100 faiz təminat verə bilməz”. E.Mustafayev hesab edir ki, müharibə yenidən başlayacağı təqdirdə, Tramp ictimai rəyə təsir etmək üçün bu bəyanatdan da yararlana bilər.
Musavat.com











