Əməkdar artist, Bakı Uşaq və Gənclər Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan açıq ürək əməliyyatı keçirib.
Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib. O bildirib ki, artıq reanimasiyadan çıxıb və palataya köçürülüb. Aktyor əməliyyata səbəb olan amillərdən danışıb:
"Əsəb-stress və damar tıxanıqlığı məni açıq ürək əməliyyatına gətirdi. Həkimlərin heç biri bu əməliyyatı boynuna götürmürdü. Deyirdilər ki, çətin əməliyyatdır, damarların hamısını dəyişmək mümkün olmayacaq. Kamran Musayev sağ olsun, məsuliyyəti öz üzərinə götürdü və əməliyyatı həyata keçirdi. Həkimin sözlərinə görə, əməliyyat təxminən 5 saat davam edib və çox uğurlu alınıb".
İntiqam Soltan daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırış edib:
"Nazirlik birdəfəlik dərk etməlidir ki, teatr sənəti zərərli peşələr sırasına daxildir. İşimiz çox ağırdır. Bakı Uşaq və Gənclər Teatrı, Gənc Tamaşaçılar Teatrı və Kukla Teatrının aktyorları 60 yaşında təqaüdə çıxa bilər. Amma bunu çoxları bilmir".











