Orta əsr ərəb mənbələri Azərbaycan və onun əhalisi barədə hansı məlumatları verir?
Xalqımızın etnik mənşəyi ilə bağlı iki məsələ son günlər gündəmi zəbt edib. Əvvəlcə Zərdüşt Əlizadənin “Azərbaycan əhalisinin 80 faizinin türklərlə heç bir bağlılığı yoxdur” fikri dövriyyəyə buraxıldı. Mən bu yazımda hələlik həmin məsələyə toxunmayacağam. Çünki bəhs edəcəyim ikinci məsələyə aydınlıq gətirmədən Zərdüşt Əlizadənin adəti üzrə milli və tarixi keçmişimizə atdığı növbəti böhtanları tam dolğunluğu ilə izah etmək mümkün deyil. Bu səbəblə keçək ikinci məsələyə...
Millət vəkili Səyyad Aran tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin adındakı yanlışlığın gündəmə gətirilməsi doğru bir addımdır. Çünki bu qurumun adının digər bənzəri dövlət qurumlarının adında olduğu kimi yazılmaması, “Azəriqaz” abreviaturasında Azərbaycan sözünün qısaldılmış formasına fars dilindən alınan “i” mənsubiyyət şəkilçisinin artırılması üslubiyyət yanlışlığı deyil, siyasi-ideoloji çalarlara söykənir. Burada qeyd etmək yerinə düşər ki, “azəri” məsələsini ilk dəfə ideoloji məfhum kimi ortaya atan türk kökənli, ancaq panfarsizm təfəkkürünün müti qula çevirdiyi Əhməd Kəsrəvi olub.
Əgər “azəri” sözünün arxasında birilərinin düşünülmüş məkrli planı olduğuna inanmasaydım, məsələyə biganə yanaşa bilərdim. Ancaq çox əfsuslar olsun ki, bu, çirkin bir niyyətin təzahürüdür.
Neçə gündür məsələ ilə bağlı müzakirələri izləyirəm. Müzakirə edənləri əsasən 4 qrupa bölmək olar:
- məsələyə panfarsizm pəncərəsindən baxanlar;
- məsələyə aşırı pantürkizm mövqeyindən baxanlar (“azəri” sözündən qorxanlar);
- məsələni malalayanlar;
- məsələyə Azərbaycanın dövlətçilik mövqeyindən baxanlar.
İlk iki qrup haqqında başqa söz demək istəmirəm, çünki hər iki tərəfdə yaxından tanıdığım, sayğı duyduğum dostlar var və onları rəncidə etmək istəməzdim.
Ən ciddi iradım məsələni malalamaq cəhdi göstərənlərədir. Bu fikirdə olanlar həm də o yanlışlığı edir ki, məsələyə elmi don geydirmək cəhdi göstərirlər. Guya ki, “Azəriqaz” abreviaturasında sözün kökünə fars dilindəki “i” mənsubiyyət şəkilçisini artırmaq Azərbaycan türkcəsinin orfoepiya normalarına görədir. Guya tələffüz zamanı axıcılıq pozulmasın deyə, “azər” və “qaz” sözlərinin birləşməsi zamanı yanaşı gələn iki cingiltili samitin (“r” və “q”) ortasına “i” şəkilçisi əlavə olunub. Halbuki bu, kökündən yanlışdır və dilimizin orfoepeya normalarında belə bir hökm yoxdur, “r" və “q” samitlərinin yanaşı olduğu istənilən qədər leksem sadalamaq mümkündür. Məsələn, şərq. Heç kim bu sözü “şəriq” kimi nə tələffüz edir, nə də yazır. Deməli, “Azəriqaz” abreviaturasında olan “i” saiti iki cingiltili samit arasına süni artırılmış bir səs deyil, sözün kökü ilə bağlıdır. Bu isə, təbii ki, təxribatdır, Azərbaycan dövlətinin xalqımızın etnik kimliyi ilə bağlı yürütdüyü siyasətə qarşı təxribatdır.
““Azəri” sözündə israrın səbəbi çox vaxt elmi yox, siyasi-ideoloji xarakter daşıyır. Bu termin türklük komponentini zəiflətmək, azərbaycanlıları ümumtürk kontekstindən ayırmaq, tarixi davamlılığı zəif olan etnik komponent kimi təqdim etmək məqsədilə istifadə olunur. Meydan belə yanaşma müəlliflərinin öhdəsinə buraxılmamalıdır!” - Əjdər Əliyev. Məncə, məsələyə lakonik, ancaq ən dolğun və ən doğru cavabı Əjdər bəy verib. Ancaq təəssüflər olsun ki, onun partiya sədri və mənim də böyük sayğı duyduğum Fazil bəy konkret bu məsələyə fərqli baxış ortaya qoyur - məsələn, Azərbaycanın Səlcuqluların gəlişindən sonra türkləşməsi.
***
Azərbaycanla bağlı Kəsrəvi modelinin tərəfdarlarının ən çox istinad etdiyi nüans odur ki, o, öz “tədqiqatı”nda tarixi mənbələrə əsaslanıb. Amma necə, hansı baxış bucağından baxıb mənbələrə - bu, kimsəni qətiyyən maraqlandırmır. Odur ki, ilk öncə ona aydınlıq gətirməliyik ki, mənbələrdə “azəri” sözü işlənibmi, işlənibsə, hansı mənada işlənib; bu söz bir etnik kimliyi ehtiva edib, yoxsa coğrafi mənsubiyyəti bildirmək üçün işlədilib? Sualın birinci hissəsinə birmənalı olaraq “hə” cavabını verə bilərik. Bəli, orta əsr ərəb mənbələrində Azərbaycan əhalisi və onların dili ilə bağlı “azəri” (əl-azəriyyə) və “azərbi” (əl-azərbiyyə) kimi terminlərdən istifadə olunub.
Konkret faktlara keçək. Bu sözlərin istifadə forması və mənası aşağıdakı kimidir:
1). Dil istifadəsi kimi;
Ərəb mənbələrində bu terminlərdən daha çox regionun yerli əhalisinin dilini ifadə etmək üçün istifadə etmişlər. İbn əl-Nədim adlı müəllif “Əl-Fihrist” əsərində Azərbaycanın dilini “Pəhləvi” (pəhləviyyə) qrupuna aid edərək, bu coğrafiyada danışılan xüsusi ləhcədən bəhs edir. Yeri gəlmişkən, həm Kəsrəvi özü, həm də içimizdəki kəsrəviçilərin ən ciddi dayaq nöqtəsi “Əl-Fihrist” əsəridir. İrəlidə bu məsələyə daha ətraflı şəkildə aydınlıq gətirəcəyəm...
Məsələ ilə bağlı Əl-Məsudidə də geniş bəhs olunub. O, Azərbaycanda yaşayan xalqın danışdığı dili “əl-azəriyyə” adlandırır və bu dili digər İran dillərindən ciddi şəkildə fərqləndirir.
Əl-Məqdisi də Məsudi kimi IX əsrdə Azərbaycanda yaşayan xalqın dilinin (o, bu dili “əl-azərbiyyə” adlandırır) İranın digər dillərindən fərqli və çətin başa düşülən olduğunu qeyd edib. Məlumdur ki, əksər ərəbdilli müəlliflər fars dilini və onun müxtəlif ləhcələrini bilirdi. Bu səbəbdən də “azəri”, “azərbi” kimi qeyd olunan və fars dilindən fərqlənən, ərəblər üçün anlaşılmaz olan Azərbaycan dilinin mənşəyi barədə əlavə ehtimallar ortaya çıxır.
2) “Azəri”, “azərbi” sözləri xalq və etnik mənsubiyyət kimi deyil, həmin bölgəyə nisbə (mənsubiyyət) mənasında istifadə olunub;
Mənbələrdə bu terminlər birbaşa xalqı deyil (İbn əl-Nədim istisna olmaqla), nisbə (mənsubiyyət) kimi həmin bölgədə yaşayan insanları bildirmək üçün istifadə edilib. Məsələn, Azərbaycandan olan alimlərə “əl-Azəri” və ya “əl-Azərbaycani” nisbəsi verilirdi. Bu fikrimizə qüvvət: “əl-Təbrizi”, “Gəncəvi” və ya “Bakuvi” kimi isimlərə əsaslanıb, deyə bilərik ki, təbrizli, gəncəli, bakılı adında xalq, etnik qrup olub? Əsla! Yaqut əl-Həməvinin “Azərbaycan əhalisi”ni tanıtmaq üçün “əhl-Azərbaycan” ifadəsini işlətməsi də məsələyə aydınlıq gətirmək baxımından mühüm faktordur.
Beləliklə, deyilənlərin qısa xülasəsi bizə əsas verir ki, “azəri” (əl-azəriyyə) və “azərbi” (əl-azərbiyyə) kimi terminlər regionun qədim yerli əhalisinin dilini ifadə etsə də, bir xalqın etnik kimliyini bildirmir. Bu fikrimiz ciddi tarixi mənbələrdə də öz təsdiqini tapır. Həmin mənbələr Azərbaycan əhalisinin etnik kimliyindən bəhs edərkən açıq şəkildə TÜRK faktorunu önə sürürlər. Məsələn, Ubeyd ibn Şəriyyə əl-Cürhumi (VII əsr) adlı şəxsin Əməvi xəlifəsi Müaviyə ibn Əbu Süfyan ilə məşhur dialoqu tarixşünaslıqda ciddi fakt sayılır.
İbn Şəriyyə xəlifənin sualına cavab verərək, Azərbaycanı “qədimdən türklərin yaşadığı, onlara məxsus torpaq” kimi xarakterizə etmişdir. Orta əsr ərəb mənbələrində Azərbaycanın qədim dövrlərdən türk yurdu olduğunu təsdiqləyən ən məşhur fakt təbii ki, Ubeyd ibn Şəriyyə əl-Cürhumi (VII əsr) ilə bağlıdır. Onun “Azərbaycan qədim dövrlərdən bəri türklərin torpağıdır, onlar orada toplanıb məskunlaşmışlar” fikrinin qeyd olunduğu kitabı (“Kitab əl-Mülük və əxbar əl-madin” - “Hökmdarların kitabı və keçmişin xəbərləri”) dövrümüzə qədər gəlib çatmasa da, kitabın məzmunu IX əsr müəllifi İbn Hişamın “Kitabül-ticən fi mülük Himyər” (“Himyər hökmdarlarının tacları haqqında kitab”) əsərində geniş şəkildə təsvir olunub. İbn Hişamın kitabının 416-cı səhifəsində qeyd olunan bu sitat Səlcuqlulardan çox əvvəl Azərbaycanın etnik simasının türk olduğunu göstərən ən qədim yazılı sübutlardan biridir.
Azərbaycanın türklərin məskəni olduğunu digər ciddi qaynaqlar da təsdiq edib. Əbu Məhəmməd əl-Kufi (X əsr) “Kitab əl-Fütuh” əsərində Azərbaycanda yaşayan əhalini birbaşa türklər adlandırmışdır. O, yerli əhalinin (türklərin) ərəblərə qarşı müqavimətini təsvir edərkən onların döyüş üslubu, həmçinin etnik mənsubiyyəti haqqında məlumat verir.
Orta əsrlərin ən böyük tarixçilərindən sayılan Ət-Təbərinin (X əsr) “Tarix ət-təvəriх vəl-müluk” əsərində də Azərbaycanın türklərin vətəni olduğu öz təsdiqini tapır. O, adı çəkilən əsərində açıq şəkildə qeyd edir ki, ərəblər Azərbaycanı fəth edərkən - Böyük Səlcuqlu imperiyasının qurulmasından 400 il əvvəl, burada məhz türklərlə qarşılaşıb. Onun əsərində bölgənin türklərin yurdu olduğu xüsusilə vurğulanıb.
Başqa bir müəllif - Hişam ibn əl-Kəlbi də (VIII-IX əsrlər) Azərbaycanın etnik tərkibi və buradakı türk varlığı haqqında mühüm rəvayət və faktları öz yazılarında saxlayan müəlliflərdəndir.
Adı çəkilən mənbələrin hamısı Səlcuqlu yürüşlərindən (XI əsr) çox əvvəl də Azərbaycan ərazisində türk tayfalarının (xəzərlər, bulqarlar, sabirlər və s.) oturaq və yarım-köçəri şəkildə yaşadığını sübut edir. Bu mənbələrin vacibliyi məhz ondan ibarətdir ki, antik dövrlə etnik bağımızı qurur. Bu mənbələr göstərir ki, türklər Azərbaycana XI əsrdə (Səlcuqlarla) “gəlmə” deyil, İslam fəthlərindən əvvəl də burada yaşayan köklü əhali olub. Ərəb müəllifləri bölgədə yaşayan müxtəlif adda tayfaları (sabir, bulqar, xəzər) ümumi şəkildə “türk” adlandırıblar.
Bütün bu deyilənlərdən sonra ortaya belə bir haqlı sual çıxır: əgər ərəblərdən öncə də bu regionda türklər yaşayırdısa və bu, ciddi mənbələrdə öz təsdiqini tapırsa, “azəri”, “azərbi” kimi terminlər Aqzərbaycan adına nisbə kimi göstərilirdisə, o zaman Kəsrəvinin farsdilli azəri xalqından bəhs etməsinin səbəbi nədir, o, bu iddia ilə hansı məqsədi güdüb?
Əhməd Kəsrəvinin “Azəri” nəzəriyyəsi ilə orta əsr ərəb mənbələrindəki “türk” faktları arasındakı ziddiyyəti anlamaq üçün siyasi kontekst və terminoloji fərqlərə baxmaq lazımdır...
ARDI VAR
P.S. Adı çəkilən orta əsr ərəb mənbələrinin əksəriyyəti çox təəssüf ki, Azərbaycan türkcəsinə tərcümə olunaraq, çap edilməyib. Ancaq bu mənbələr Anadolu türkcəsi və rus dilində kitab kimi dərc olunublar. Maraq göstərən hər kəs həmin kitabların internet variantını tapıb oxuya bilərlər. Hesab edirəm ki, dövlətimiz etnik kimliyimizə atılan böhtanları aradan qaldırmaq üçün bu çox qiymətli mənbələrin dilimizə çevrilib, dərc olunmasına təşəbbüs göstərməlidir.
Fərəməz Novruzoğlu - "DİA-AZ"











