Yaş həddi ilə əlaqədar vəzifədən çıxarılan məhkəmə hakimləri onlara kəsilən 4000-5000 manat pensiyadan narazılıq edirlər. Hesab edirlər ki, pensiyaları düzgün hesablanmayıb, məbləğ daha yuxarı olmalıdır. Pensiyalarının artırılması tələbi ilə məhkəmələrə müraciət edirlər.
Bizimyol.info xəbər verir ki, son illərdə çoxsaylı keçmiş məhkəmə hakimi bu tələblə Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəmədə iddia qaldırıb. Məhkəmələr də onları haqlı hesab edərək, iddialarını təmin edib. Pensiyasının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş hakimlərdən Bakı Apellyasiya Məhkəməsində fəaliyyət göstərmiş Ülvi Mayılov, İlqar Murquzov, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimlərindən Ənvər Seyidov, İradə Həsənzadə və digərlərinin adlarını çəkmək olar. Bir neçə ay əvvəl 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Azad Məcidov da hazırda pensiyasının artırılmasına görə məhkəmədə mübarizə aparır. Ona 4881 manat pensiya təyin olunsa da, bu məbləğlə razılaşmır.
Qeyd edək ki, Azad Məcidov 2011-2025-ci illərdə 14 il 4 ay 13 gün hakim vəzifəsində çalışıb. Buna qədər isə o, Daxili İşlər Nazirliyində, daha sonra Milli Təhlükəsizlik Nazirliyində müstəntiq işləyib.
Ölkədə 40 il iş stajı olan müəllimin, dəmiryolçunun və başqa peşə sahiblərinin 500 manatdan da az pensiya aldığı bir vaxtda kimlərinsə 5000 manatlıq pensiyanı az hesab etməsi birmənalı qarşılanmır.
Hüquqşünas Tərlan Yusifzadə məsələni Bizimyol.info xəbər portalına şərh edərkən bildirib ki, hakimlərin maaşı yüksək olduğuna görə onların hesabına toplanan sosial sığorta haqlarının məbləği də çox olur. Gələcəkdə pensiyaya çıxanda da təyin olunan məbləğ daha yuxarı çıxır: “Şəxsin aldığı maaş nə qədər yüksək olsa və buna uyğun olaraq da ödədiyi sosial sığorta haqqı nə qədər çox olsa, gələcəkdə pensiyasının yuxarı olmaq ehtimalı bir o qədər yüksək olur. Çünki şəxs təqaüdə çıxanda onun ehtiyatında toplanmış vəsaiti vurub-bölürlər, ona uyğun rəqəm çıxarıb qərar verirlər. Mən bununla 40 il müəllim işləmiş şəxsin 500 manatdan daha az pensiya aldığı halda, hakimin 5000 manat pensiya almasına haqq qazandırmıram. Sadəcə, belə bir vəziyyətin yaranmasının səbəbini izah edirəm. Çünki müəllimin əməkhaqqı aşağı olub və tutulan sosial sığorta da aşağı olub”.
Hüquqşünas bu cür yanaşmanı ədalətli saymadığını da əlavə edib.
Əvvəllər hakim, məhkəmə sədri vəzifələrində çalışmış vəkil Aslan İsmayılov da keçmiş həmkarlarının 4000-5000 manat pensiya ilə qane olmamalarına münasibət bildirib. O vurğulayıb ki, ölkədə insanların təqaüdləri arasındakı kəskin fərqlər təəccüb doğurur: “Əgər həmin şəxslər aldıqları 4–5 min manatın normal yaşamaları üçün kifayət etmədiyini bildirirlərsə, bəs onda vətəndaşa minimal təqaüdü 220 manat müəyyən edənlər hansı məntiqdən çıxış ediblər?”
1975-ci ildən çalışdığını, 13 ildən artıq hakim, məhkəmə sədri, Respublika Prokurorluğunda şöbə prokuroru, Prezident Aparatında baş məsləhətçi vəzifələrində işlədiyini xatırladan Aslan İsmayılov deyir ki, hazırda 367 manat 58 qəpik təqaüd alır.
“Dünyanın heç bir yerində sıravi vətəndaşla məmurun aldığı pensiya arasındakı fərq bu həddə deyil. Bu islahatı həyata keçirən isə hazırda Maliyyə naziri vəzifəsini tutan Sahil Babayev olub”, - Aslan İsmayılov əlavə edib.











