SOCAR-ın ictimaiyyət üçün açıqlanan maliyyə hesabatının həcmi 5-6 dəfə ixtisar olunub.
Əvvəlki illərdə hesabatın ətraflı izahı üçün beynəlxalq təcrübəyə uyğun olaraq tərtib olunan qeydlər hissəsi yerli-dibli yığışdırlıb.
Bu ayrı mövzudur və peşəkar (həmçinin müstəqil) media olsa idi, son hesabatı əvvəlkilərlə müqayisəli şəkildə analiz edərdi.
Amma 2024-cü ilin maliyyə hesabatında 2 fakt diqqətlmi çəkdi, təəssüf ki, aydınlaşdırmaq üçün heç bir informasiya tapa bilmədim:
1. Əmlak, tikinti və avadanlıq formasında uzunmüddətli aktivləri 1 ildə az qala 2 dəfə artaraq 28 mlrd. manatdan 55,5 mlrd. manata çatıb. Bu qədər kəskin artımın hansı layihələrə, yeni investisiyalara görə artdığı barədə mediada da axtarış verib nəsə tapa bilmədim. Maliyyə və illik hesabatlarda da nəsə yoxdur.
2. Şirkətin məcmu kapitalında qeyri-nəzarət paylarının xüsusi çəkisi 5,4%-dən 30,6%-ə çatıb. Bu payların mütləq ifadədə məbləği 8 dəfə artaraq 1,8 mlrd. manatdan 14,9 mlrd. manata yüksəlib.
Beynəlxalq maliyyə hesabatı standartlarına görə, qeyri-nəzarət payları konsalidə edilmiş şirkətə məxsus törəmə şirkətlərdə digər səhmdarların malik olduğu payları əks etdirir.
Yəni SOCAR-ın törəmə şirkətlərində hansı pay alqı-satqıları, kənar investisiya qoyuluşları olub ki, 8 dəfəlik artım baş verib.
Bu tip sualları ölkənin ən böyük, həm də publik şirkətinin cavablandırması lazım.
Rövşən Ağayev - ekspert
"DİA-AZ"










