Hantavirusla bağlı qorxunc proqnozlar yayılır. Türkiyəli professor Oytun Erbaş bu virusun Covid-19-dan daha ağır nəticələrə səbəb ola biləcəyini, potensial qlobal pandemiyanın bəşəriyyət tarixinin gedişatını dəyişdirə biləcəyini iddia edir. 2018-ci ildən bəri hantavirusla bağlı tədqiqatların aparıldığını bildirən O. Erbaş, sprey əsaslı peyvəndlərin hazırlandığını bildirib:
"Bu, bütün dünyaya təsir edə biləcək ciddi bir virusdur".
O.Erbaş əlavə edib ki, Covidin ölümcüllüyünü hantavirusla müqayisə etmək belə mümkün deyil. Bütün fond bazarları dağılacaq. Hər kəs illərlə evindən çıxa bilməyəcək. Bir çox şey bitə bilər. Bir gündə rəqəmsal dünyaya keçə bilərik. 15 il ərzində 34 yoluxma halı və 11 ölüm halı var idi. Bu virus yayılır.
Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hantavirus canlı təbiətdə, heyvan mənşəli virusdur, yəni heyvanların orqanizmində təbii rezervuar kimi lövbər salmış virusdur, xüsusən də gəmiricilərdə bu tapılıb:
- Gəmiricilərin də içində “maral siçanları” adlanan siçanlar var, boyunları uzun olduğuna görə belə adlandırılırlar. Şimali, cənubi Amerikada daha çox yayllıb. Onların orqanizmdə bu virus var. Ümumiyyətlə, canlı təbiətdə bu cür yoluxmalar olub, təsərrüfatlarda, fermerlər qarşılaşıb bu cür yoluxmalarla. Siçanlar mövcud olan yerlərdə onların dişləməsi, ağız suyundan insanlara keçə bilir və ağır xəstəliklər törədib. Virusun bir neçə ştampı var ki, həqiqətən də çox ağır vəziyyət yaradır. Ölüm halları 70 faizədək yüksəlir. Burada kardio-pulmonal şok - ürək ağ ciyər ağırlaşması, hemorragik qızdırma, böyrək çatışmazlığı ilə gedən total, ölümcül ağırlaşmalar əmələ gəlir. Hazırda virusun kruiz gəmisindən yayıldığı ehtimal edilən ştampı - Andes ştampının insandan insana keçməsi müəyyən edilib. Düzdür, bu, çox yaxın kontaktla keçir. Amma çox ciddi narahatlıqdır. Həkimlərin, ÜST-ün həyəcan təbili bununla bağlıdır.
A.Qeybulla bildirdi ki, virusun insandan insana transfer etməsi o deməkdir ki, insan orqanizmində yaşayıb mutasiya edərək, yeni varianta keçə bilər:
- Virusun genomonunda ribonuklein turşusu olduğuna görə, əlbəttə, mutasiya imkanı var və virus nə vaxtsa insandan insana hava-damcı yoluyla keçərsə, bəli, bu, qlobal pandemiyaya qədər gətirib çıxara bilər. Bu gün belə bir risk yoxdur, amma bunun qlobal pandemiyası bəşəriyyət üçün böyük təhlükə olar, çünki virus insan orqnizmində çox ağır vəziyyət yaradır. Total şəkildə bəşəriyyəti ağuşuna alsa bu infeksiya, əlbəttə, səhiyyə sistemi bu qədər ağır xəstələrin müalicə etməkdə aciz qalacaq. Və böyük sayda ölüm halları ola bilər. Virus həqiqətən də canlı təbiətdə var və dəhşətlisi budur ki, insan orqanzminə keçməsi artan insan sayına bağlıdır. İnsanlar heyvanları sıradan çıxarır, bitkiləri sıradan çıxarır, təbiətə ən kobud şəkildə müdaxilələr edilir, nəticədə viruslar insan orqanizminə transfer etməyə başlayır. Hesab edirəm ki, həkimlərin, ÜST-ün narahatlığı əbəs deyil. Və bu narahatlıq daha çox gələcəyə, proqnoza hesablanıb, nəinki indiki duruma.










