“3+3 formatda regional görüşün yeri ilə bağlı müzakirələr davam edir”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
“Bu görüş İrəvanda və ya Bakıda keçirilməlidir. Qarşılıqlı məqbul həll yolu tapmaq üçün müzakirələr davam edəcək və razılıq əldə olunarsa, məlumat verəcəyik”, - deyə XİN sözçüsü Ani Badalyan yerli İctimai TV-yə bildirib.
Xatırladaq ki, dekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Azərbaycan 3+3 formatında növbəti görüşü əvvəlcə öz ərazisində, daha sonra isə Ermənistanda keçirməyi təklif edib: "Təəssüf ki, razılıq əldə olunmayıb - Ermənistan tərəfi bu ardıcıllıqla razılaşmayıb", - Bayramov vurğulayıb və əlavə edib ki, hazırkı şəraitdə Bakı İrəvanın bu təklifi rədd etməsi üçün heç bir səbəb görmür.
Qeyd edək ki, Əraqçi təklifi dəstəkləyib.
Yada salaq ki, deyilən formatda (Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan) Gürcüstan hələlik iştirak etmir, lakin digər iştirakçılar dəfələrlə Tiflis üçün qapıların açıq qaldığını vurğulayıblar. Əvvəlki üç görüş isə ardıcıl olaraq Moskva, Tehran və İstanbulda baş tutub.
Bəs 4-cü görüş harda olacaq - Bakıda, yoxsa İrəvanda? Tədbirin yeri ilə bağlı müzakirələr niyə bunca uzanır? Problem nədədir? İrəvan nəyi götür-qoy edir?
Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”da bir daha xatırlatma etdi ki, 3+3 əməkdaşlıq platforması II Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ərsəyə gəlib: "Bu platformanın yaradılmasının təşəbbüsçüsü olmağımız yerləşdiyimiz coğrafiya və yaratdığımız reallıqlarla bağlıdır. Belə ki, II Qarabağ müharibəsində yaratdığımız reallıq Cənubi Qafqaza davamlı sülh və əməkdaşlığın gəlməsinə yol açdı. Azərbaycan bu əməkdaşlığın mərkəzində yerləşir. Belə ki, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat qovşaqları regionumuzun birləşməsinə və ölkələr arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinə yeni üfüqlər açır. Bu baxımdan region ölkələrin 3+3 formatında əməkdaşlıq etməsi qarşılıqlı faydalar qazandıracaq, siyasi mövqelərimizi gücləndirəcək və regionumuzda sülhü möhkəmləndirəcəkdir. 3+3 formatı həm də böyük potensial deməkdir. Belə ki, bu formata daxil ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollardan, əhalisi isə 331 milyondan çoxdur. Ərazisinə görə isə dünyada birincidir. Həm də bu formatda yer alan ölkələr böyük resurslara malikdir. Bu resurslar yeraltı olmaqla yanaşı, həm də qitələri birləşdirən coğrafiya olmaqla nəinki bu platformaya daxil ölkələr, həm də böyük bir coğrafiyaya faydalar gətirir.
3+3 əməkdaşlıq platformasının üç görüşü keçirilib. Növbəti görüşün keçirilməsi üçün ən çox haqqı çatan və münasib məkan Azərbaycandır. Ona görə Azərbaycandır ki, ölkəmiz bu platformanın yaradılmasının təşəbbüsçüsüdür. İkincisi, format daxilində ölkələrarası iqtisadi əlaqələri Azərbaycansız qurmaq mümkün deyil, üçüncüsü isə Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir və beynəlxalq görüşlərin keçirilməsi təcrübəsinə malikik. Ermənistan isə seçkilərə hazırlaşır. Belə ki, qarşıdan gələn seçkilərlə bağlı ölkədə ictimai-siyasi mühit də sakit deyil. Belə bir gərgin dövrdə Ermənistanda beynəlxalq tədbirin keçirilməsini arzuolunmaz hesab edirəm. Bu baxımdan Ermənistan 3+3 formatının 4-cü zirvə görüşünün Azərbaycanda keçirilməsinə razılığını bildirməlidir. Ermənistan isə seçkiləri başa çatdırdıqdan sonra 5-ci görüşə ev sahibliyinə hazırlıq görsə daha yaxşı olar. Çox güman ki, Ermənistanın dövlət rəhbəri bu məsələləri nəzərə ala bilər və 3+3 əməkdaşlıq platformasının növbəti görüşündə iştirak etmək üçün Bakıya gəlmək qərarı verə bilər. Açığı, bunun belə olacağını hesab edirəm”.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, Azərbaycan, 2020-ci il İkinci Vətən müharibəsində qələbə qazanan tərəf olmasına baxmayaraq, Ermənistanla sülhün əldə edilməsi, regionda barış, sabitlik və əməkdaşlığın formalaşması üçün ardıcıl təşəbbüslər irəli sürüb: “Müharibədən dərhal sonra belə sülh sazişinin imzalanması, münasibətlərin normallaşdırılması ilə bağlı ilk təklifləri məhz Azərbaycan təqdim edib.
Hazırda iki dövlət arasında münasibətlərin tənzimlənməsi istiqamətində işlər davam edir. Azərbaycan həm Ermənistanla əlaqələrin bərpası, həm də bütün Cənubi Qafqazda münasibətlərin sabitləşdirilməsi üçün 3+3 formatını təklif edib. Bu, üç Cənubi Qafqaz ölkəsi və onların qonşu dövlətlərinin birgə əməkdaşlıq platformasıdır və Türkiyə də bu təşəbbüsə dəstək verib. Artıq bu format öz praktik yerini tapmaqdadır”.
M.Göyüşlünün sözlərinə görə, növbəti görüşün keçirilməsi ilə bağlı müzakirələr davam edir: “Toplantının Bakıda və ya İrəvanda təşkil olunması gündəmdədir. Hesab edirəm ki, Azərbaycanın təklifi tam məqbuldur. Görüşün Bakıda keçirilməsi daha məqsədəuyğundur və bundan sonra İrəvanda görüşün keçirilməsi məsələsinə baxıla bilər.
Ermənistanın bu məsələyə reaksiyasına gəldikdə, bu prosesə tam razılıq verməsi, yaxud prosesi uzatması ehtimalı var. Ermənistan uzun illərdir müxtəlif məsələlərdə oxşar yanaşma sərgiləyib. Sülh sazişinin bəndləri, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, əsir və itkin düşmüş şəxslərin taleyi, mina xəritələrinin təqdim olunması kimi mövzularda biz həmişə Ermənistan tərəfindən gedişatı pozan bəyanatlar və addımlar görmüşük. Hazırda da buna bənzər bir vəziyyət müşahidə olunur".
Siyasi şərhçi qeyd edib ki, görüşün Bakıda keçirilməməsi üçün heç bir əsas yoxdur: “Ermənistan buna razılıq verməli, bu formatdakı proseslərin daha sürətli və səmərəli irəliləməsinə mane olmamalıdır. Bu qərar regionda sabitliyin daha tez əldə olunmasına da töhfə verəcək. Ermənistanın hər dəfə müxtəlif narazılıqlar gündəmə gətirməsi regional sülh prosesinə maneçilik göstərmək deməkdir. Bu davranış müsbət nəticələrin əldə olunmasına əngəl yaradır və Ermənistanı tormozlayıcı tərəf kimi təqdim edir. Buna son qoymaq lazımdır. Növbəti görüşün Bakıda keçirilməsinə nail olunmalıdır”.









