Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan icmasının rəhbəri Ural şirkəti olan “Aqroprodukt”a məxsus torpaq sahələrini qanunsuz olaraq mənimsəməkdə şübhəli bilinir. Bu sahələrin dəyəri 16 milyon rubl olaraq qiymətləndirilir.
Lent.az yerli mediaya istinadla bildirir ki, Vidadi Mustafayev barəsində polisə “Aqroprodukt”un əməkdaşları, o cümlədən şirkətin keçmiş rəhbəri tərəfindən bir neçə ərizə daxil olub. İstintaq iddia edir ki, 2018-ci ildə Vidadi şirkətlə 4 milyon rublluq borc müqaviləsi imzalayıb. Lakin firma borcu qaytara bilmədiyi üçün o, saxta sənədlərdən istifadə edərək borcun ödənilməsi əvəzində şirkətin torpaq sahələrini əldə edib. Bu sahələrin kadastr dəyəri isə kredit məbləğindən 6 dəfə çox olub. Hadisə inventarizasiya zamanı üzə çıxıb.
Mustafayevin keçmiş dostu onu başqa bir dələduzluqda da ittiham edir. Guya Vidadi ondan “Porsche” alıb, lakin pulunu heç vaxt ödəməyib.
Bu arada Mustafayevin dostu, regional ictimai nəzarət komitəsinin sədri Sergey Siov onun müdafiəsinə çıxıb. O, əmindir ki, Vidadini ləkələməyə çalışırlar və bütün bunlar əvvəlcədən planlaşdırılmış təxribatdır.








