Musavat.com xəbər verir ki, sabiq millət vəkili, tanınmış təhsil eksperti Etibar Əliyev sensasion açıqlama ilə çıxış edib.
Sitat: "Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadə deyib:
“Ramiz Mehdiyev Xalq Cəbhəsinin rəhbərlərinə deyirdi ki, mənim çox böyük təcrübəm var, işi bilirəm, mənə vəzifə verin, sizə xidmət edəcəyəm. Xalq Cəbhəsinə müraciətinin olmasını dəqiq bilirəm. Onda Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdi”.
Bu açıqlama fonunda sabiq deputat, tanınmış ictimai xadim Etibar Əliyev Ramiz Mehdiyevin siyasi keçmişinə dair daha sərt və diqqətçəkən məqamları gündəmə gətirib. Onun fikrincə, Ramiz Mehdiyevin Azərbaycan siyasi tarixində oynadığı ikili rol heç də təsadüfi deyil:
“Ramiz Mehdiyev iki səmtə baxan, ikisifətli Yanus obrazıdır”.
Etibar Əliyev yaddaşında qalan bir hadisəni də bölüşüb və Ramiz Mehdiyevin 1988-ci ildə verdiyi açıqlamanı xatırladıb. Onun sözlərinə görə, həmin dövrdə Qərbi Azərbaycandan qovulan, qətllərə məruz qalan minlərlə azərbaycanlıya baxmayaraq, Mehdiyev televiziyaya çıxaraq reallığı ört-basdır etməyə çalışırdı:
“1988-ci ildə erməni barbarları bizi doğma torpaqlarımızdan vəhşicəsinə qovdular. Ağ-qara televizorda Ramiz Mehdiyevi çıxarmışdılar. İndiki kimi yadımdadır, dediyi sözlər bunlar idi: “Ermənistanda azərbaycanlılara qarşı heç bir təhdid yoxdur. Biz öyrəndik ki, mübahisə zəminində iki nəfər bir-birini döyüb”.
Etibar Əliyev həmin günlərin ağrı-acısını belə təsvir edir:
“Bu açıqlama o vaxt verilmişdi ki, doğulduğum Vedi rayonunun Şirazlı kəndinin camaatı evlərindən qovulmuşdu, Araz qırağına toplaşmışdı. Kəndimizin ağsaqqal seyidi Mirbağır ağa və bir neçə nəfər vəhşicəsinə öldürülmüşdü. Qərbi Azərbaycanın digər rayonlarında da insanlara divan tutulurdu”.
Sabiq deputat bildirir ki, Ramiz Mehdiyevin həmin çıxışı təsadüfi deyildi. O, Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovun tapşırığı ilə reallığı gizlətməyə göndərilmişdi:
“Enveroviçi – Ramiz Mehdiyevi televiziyaya Vəzirov çıxarmışdı. AzTV-nin arxivində onun həmin çıxışı qalmalıdır”.
Etibar Əliyevin açıqlaması həm Ramiz Mehdiyevin sovet dövründəki mövqeyini, həm də 1990-cı illərin əvvəllərində siyasi tərəfini müəyyənləşdirmək üçün yeni suallar doğurur.
Xalq Cəbhəsindən vəzifə istəyən, eyni zamanda Qərbi Azərbaycanda baş verən faciələr barədə həqiqəti gizlədən Ramiz Mehdiyevin fəaliyyəti ətrafında cəmiyyətdə müzakirələr genişlənir.








