İki gün öncə “DogruXeber.az” olaraq Sabunçu rayonunda bir neçə gündür davam edən su qıtlığı, əhalinin bu çətinliklər qarşısında aciz durumu, sakinlərin ödənişli və baha qiymətə su almağa məcbur qalması, eləcə də bu problemin qarşısında məsul qurumların nümayiş etdirdiyi səhlənkarlıq barədə geniş reportaj hazırlamışdıq.
Reportajda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin bu prosesə olan susqunluğuna və xüsusilə də həmin qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlunun jurnalist zənglərinə cavab verməməsinə xüsusi yer verilmişdi. Mətbuat və ictimaiyyətlə əlaqə üçün təyin olunmuş bir şəxsin susması, əslində təkcə informasiyanın qarşısının alınması deyil, həm də məsuliyyətdən yayınma formasıdır.
Bu məsuliyyətsiz davranış səbəbindən, təkcə Ceyhun Musaoğluna deyil, çalışdığı quruma və onun tabeliyində olduğu Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılova da yönəlik haqlı suallar və tənqidlər gündəmə gəldi.
Amma görünən odur ki, nə əhalinin yaşadığı əzab, nə də media vasitəsilə edilən ictimai təzyiq Ceyhun Musaoğlunu hərəkətə gətirə bildi. Yalnız tənqidlərin ünvanına birbaşa özü düşəndə, nəhayət jurnalistlə əlaqə saxladı. Lakin bu əlaqə problemin həlli və ya informasiya ötürülməsi məqsədi ilə deyil, öz şəxsi uğurlarını sadalamaq, iştirak etdiyi tədbirləri xatırlatmaq və “nə qədər önəmli şəxsiyyət” olduğunu göstərmək üçün idi.
Bu fakt bir daha sübut edir ki, Ceyhun Musaoğlu üçün ictimai məsuliyyət yox, şəxsi mövqeyinin qorunması əsas prioritetdir. Əgər belə olmasaydı, Zaur Mikayılovun – yəni çalışdığı qurumun tabeliyində olan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərinin ünvanına yönəlmiş çoxsaylı tənqidlərə də eyni həssaslıqla yanaşardı. Lakin görünən budur ki, həmin Agentlik və onun barəsində formalaşmış ictimai etimadsızlıq Ceyhun Musaoğlu üçün heç bir narahatlıq doğurmur. Onun həssas nöqtəsi yalnız öz adının tənqid kontekstində çəkilməsidir.
Bir sual doğur: əgər Ceyhun bəy doğrudan da məsuliyyətli məmur idisə, bəs nədən “DogruXeber.az”ın zənglərinə və sorğularına günlərlə cavab vermədi?
Nədən Sabunçu sakinlərinin üzləşdiyi vəziyyətə dair bir cümləlik də olsa açıqlama vermədi?
Nədən o, yalnız öz nüfuzuna toxunulduqda "oyandı"?
Əslində bu davranış cəmiyyətimizdə getdikcə daha da dərinləşən bir məmur obrazını ortaya qoyur: vətəndaşın problemini yox, şəxsi reputasiyasını qorumağa çalışan, tənqid qarşısında cavab vermək əvəzinə özünü tərifləməklə mövqeyini bərkitmək istəyən məmur obrazı.
Bir daha qeyd edirik: “DogruXeber.az” jurnalistləri üçün hansısa vəzifəli şəxsin medalları, statusları və ya tədbirlərdə çəkdirdiyi şəkillər yox, vətəndaşın içməli suya çıxışı, gündəlik ehtiyaclarını ödəyə bilməsi önəmlidir. Çünki vəzifə daşıyanların işi tərif axtarmaq deyil, xidmət etməkdir. Bu ölkədə əgər bir vəzifəli şəxs 40-50 manat verib maşınla su almağa məcbur olan vətəndaşın problemini görmürsə, həmin şəxs artıq vəzifə deyil, imtiyaz daşıyır.
“DogruXeber.az” olaraq bundan sonra da susqunluğa, səhlənkarlığa və təkəbbürə qarşı danışmağa davam edəcəyik. Sözümüzü deməyə, xalqın dərdini dilə gətirməyə davam edəcəyik. Çünki bu xalq yalnız suya deyil, həqiqətə də həsrət qalmamalıdır.
Mövzunu davam etdirəcəyik.