Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elşən Quliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilib və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
İttihama görə, hadisə 06 noyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində Bərdə şəhərində yerləşən “Nur” çay evinin qarşısında qeydə alınıb.
Belə ki, rayon sakini, 2004-cü il təvəllüdlü Elşən Quliyev ofisiant işlədiyi sözügedən çay evində müştəri qismində, sərxoş vəziyyətdə olan 1973-cü il təvəllüdlü, Elmir Mansırovla (soyadı şərtidir) şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədib, təqsirləndirilən şəxsi divanın üzərinə yıxaraq boğmağa başlayıb. Sonra Elmir onun üzərindən qaldırılıb və söyüşlərinə davam edərək çay evinin qarşısına çıxıb. Yenidən Elmir ofisiantın ailə üzvlərinə nalayiq ifadələr işlədib. Daha sonra Elşən zərərçəkmiş şəxsin arxasınca qaçıb çay evinin qarşısında üzərində gəzdirdiyi bıçaqla Elmirin şəxs döş qəfəsinə bir dəfə qəsdən zərbə endirərək, onun sağlamlığına ağır zərər yetirib.
Hadisədən sonra Elşən Quliyev saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
O, məhkəmədə ifadəsində bildirib ki, həmin vaxt zərərçəkmiş şəxs içkili olub və kriminal aləmə aid mahnı sifariş edib. Bu zaman Elmirin sifarişi rədd edilib. Sonra zərərçəkmiş ona söyüş söyüb və itələyərək yerə yıxıb. Qanlı hadisə də elə səbəbdən baş verib.
Elşən Quliyev törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və epilepsiya xəstəsi olduğunu qeyd edib.