“Buna görə Paşinyan zaman-zaman küləyə uyğun mövqelər səsləndirir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmov deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya getdikdən sonra Zəngəzur dəhlizi ilə bağlı mənfi bəyanatlar səsləndirməsini şərh edib.
Politoloq bildirib ki, Paşinyanın Rusiyaya səfərindən sonra görünən odur ki, Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamalarda müəyyən ziddiyyətlər və dəyişikliklər var:
“Bu, Paşinyanın Rusiya ilə Ermənistan arasında gərgin olan münasibətləri yenidən nizamlamaq üçün cəhdidir. Həm də balans oyunu demək düzgündür. O, eyni zamanda İranın maraqlarını da nəzərə alır. Buna görə də Paşinyan zaman-zaman küləyə uyğun mövqelər səsləndirir. Digər tərəfdən, Paşinyan, əsasən, daxili ictimai rəyə təsir göstərməyə çalışır. Bununla da siyasi mövqeyini qorumaq istəyir. Çünki Ermənistanda vəziyyət o qədər də stabil deyil. Orada Rusiyapərəst qüvvələr Paşinyana kifayət qədər ciddi təzyiq göstərirlər”.
“Yəni onun mövqeyindəki dəyişiklik bir daha sübut edir ki, Zəngəzur dəhlizi məsələsi sadəcə yol və ya nəqliyyat xətti deyil. Burada böyük dövlətlərin maraqları toqquşur. Yəni məsələ olduqca strateji xarakter daşıyır. Azərbaycan reallığı düzgün dəyərləndirərək həm diplomatik, həm də siyasi səviyyədə mövqeyini daim qətiyyətlə qoruyur”, – deyə o, fikirlərini yekunlaşdırıb.