Metsamor və Zaporojye Atom Elektrik Stansiyalarında baş verə biləcək qəza Azərbaycan üçün ikiqat təhlükə kimi qiymətləndirilir. Bildirilir ki, xüsusilə Metsamor AES istismar müddətini çoxdan başa vurmuş və təhlükə səviyyəsi artmış bir obyekt olaraq, region üçün böyük risklər yaradır. Mütəxəssislərin fikrincə, hər iki stansiyada mümkün hadisənin yaradacağı fəsadlar, radioaktiv çirklənmə və ətraf mühitə vurulan zərər ciddi nəticələrə yol aça bilər. Bu təhlükələrin nə qədər real olduğu və hansı əlavə risklərin gözlənildiyi ilə bağlı vaxtaşırı xəbərdarlıqlar edilir.
Belə bir halda regionda hansı risklər, fəsadlar gözlənilir?
Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib ki, Metsamor və Zaporojye AES-ləri həm köhnədir, həm də seysmik zonada yerləşir:
“Metsamor 1976-cı ildən fəaliyyət göstərir və artıq istismar müddətini başa vurub. Ona görə də bu stansiya ətraf mühit və region üçün böyük təhlükə yaradır. Qarşısının alınması üçün dəfələrlə beynəlxalq təşkilatlara müraciət olunub, amma heç bir ciddi tədbir görülməyib. Metsamorda bir qəza baş verərsə, yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, hətta Yaxın Şərq ölkələri ciddi ziyan görəcək.
Ermənistan Türkiyə ilə 16 km, İranla 60 km, Azərbaycanla isə təxminən 120 km məsafədə yerləşir. Bu rəqəmlər təhlükənin böyük radiusunu təsdiqləyir və bütün regionu əhatə edir. Həmin AES-lərlə bağlı real təhlükə dərhal aradan qaldırılmalı və vacib tədbirlər görülməlidir”.