Yaponiyalı iş adamının Azərbaycandakı tütün şirkəti niyə cərimələnib? - TƏFƏRRÜAT
Tarix: 10-12-2024, 17:38 |
Çap et
Yaponiyanın Azərbaycanda yaradılan “Tet İnternational Development” şirkəti xarici valyuta vəsaitlərini xaricdən qaytarmadığı üçün cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, 2019-cu ildə təsis edilən “Tet İnternational Development” şirkəti Azərbaycanda tütünçülüklə məşğuldur. “Tet İnternational Development” MMC-nin təsisçisi Yaponiya vətəndaşı olan 64 yaşlı Sawada Tarodur.