Bizdə mülkiyyət hüququna təminat yoxdur... - ETİRAZ
“Bakıda mülk almayın! O cümlədən gələcəkdə daha baha satmaq məqsədilə. Əvvəla, uzunmüddətli perspektivdə qiymətlər düşəcək. Ekologiyası bərbaddır, xəstəlik məkanıdır”.
Gununsesi.info bildirir ki, bu sözləri tanınmış hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb.
Hüquqşünas öz fikrini bununla əsaslandırıb:
“Çünki Bakının infrastrukturu ondan da bərbaddır: hələlik dövlətin bir az pulu var deyə total korrupsiyaya baxmayaraq bir təhər problemlər yola verilir, amma yekunda elə günə düşəcək ki, yaşanası məkan olmayacaq, 90-cı illərin işıq, su və s. problemi bunun qarşısında heç nə kimi görünəcək. Ən əsası isə bizdə mülkiyyət hüququna təminat yoxdur. Hər an əlinizdən alına bilər (məhkəmələr də buna qanuni don geyindirəcək). Gələcəkdə isə mütləq alınacaq! Çünki görünən odur ki, bizdə kapitalizm eksperimenti uğursuz oldu: çox dar dairədəki insanların xeyrinə oldu, onlar saysız-hesabsız əmlaka sahib oldu, əksəriyyət isə get-gedə daha da kasıblaşır. Buna görə də əvvəl-axır bu və ya digər şəkildə milliləşmə (özəl mülkiyyətin dövlətə keçməsi) və hər kəsə sahib ola biləcəyi daşınmaz əmlak həcminə məhdudiyyətin tətbiqi qaçılmazdır…”