Karakas və ölkənin bir sıra digər şəhərlərində minlərlə insan küçələrə çıxaraq prezident Nikolas Maduroya dəstək nümayişləri keçirib.
Musavat.com xəbər verir ki, aksiyalar Maduronun ABŞ xüsusi təyinatlıları tərəfindən Karakasda ələ keçirilərək ABŞ-a aparılmasına etiraz fonunda təşkil olunub.
Mitinq iştirakçıları bu əməliyyatı Venesuelanın suverenliyinə açıq müdaxilə adlandırıb, ABŞ-ın hərbi-siyasi addımlarını sərt şüarlarla pisləyiblər. Nümayişçilər Venesuela bayraqları və Nikolas Maduronun portretləri ilə yürüş edərək “xarici müdaxiləyə yox” çağırışları səsləndiriblər.
Yerli KİV-in məlumatına görə, aksiyalar əsasən Karakasın mərkəzində, hökumət binaları və simvolik meydanlar ətrafında keçirilib. Etirazçılar Maduronun saxlanılmasını qanunsuz hesab etdiklərini bildirərək onun dərhal azad olunmasını tələb ediblər.
Xatırladaq ki, ABŞ xüsusi təyinatlılarının iştirakı ilə həyata keçirilən əməliyyat və Maduronun ABŞ-a aparılması ölkədə gərginliyi kəskin şəkildə artırıb və kütləvi etirazlara səbəb olub.












