Bu yaxınlarda dünyanın ən nüfuzlu agentliklərindən biri olan “Bloomberg” Azərbaycanın əsas neft arteriyası olan Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə qarşı diversiya haqda sensasion məlumat yaydı.
Söhbət 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı kəmərin partladılmasından gedir. Həmin vaxt kəmərin fəaliyyəti 2 ay dayandı və Azərbaycandan neft ixracı faktiki kəsildi.
Son vaxtlara qədər belə hesab edilirdi ki, bu partlayış PKK kürd terrorçuları tərəfindən təşkil edilib. Lakin “Bloomberg”in sensasion araşdırması ilkin şübhələri təsdiqlədi-neft kəməri məsafədən partladılmışdı, özü də haker hücumu ilə.
O vaxt virtualaz.org və haqqin.az saytları bu məlumatdan çıxış edərək Azərbaycanın strateji enerji infrastrukturunun quruda və dənizdə nə dərəcədə etibarlı mühafizə olunduğunu aydınlaşdırmaq üçün araşdırma aparmağa çalışdı.
Bu araşdırmanın nəticəsi olaraq saytımızda “Bakıda terrorçuluqla mübarizə aparan şirkəti necə dəhşətə saldılar” başlıqlı səs-küylü məqalə dərc olundu. Məqalədə Azərbaycanın Hərbi-Dəniz Qüvvələrində aparılanb kütləvi həbslər və BTC-nin, habelə “Şahdəniz” yatağındakı infrastrukturun təhlükəsizliyinin təmin edilməsinə dair sistemin işlənib hazırlanması ilə məşğul olan şirkətin fəaliyyətinin faktiki dayandırılmasından söhhət gedirdi.
Məsələnin tarixçəsi
“GeoGlobe” şirkəti Azərbaycanın bütün strateji infrastruktur layihələrinin müdafiəsinə dair innovativ sistem təqdim edib. Bütün mürəkkəb texniki detalların üstündən keçməklə bərabər biz bu qənaətə gələ bildik ki, bu sistem həm suyun altında, həm üstündə bütün məlum qurğuların yerini müəyyənləşdirməyə imkan verir.
Özü də bu sistemin aşkar edilməsi və ora kənar istifadəçinin daxil olması istisnadır. Məsələn, BTC kəmərinin mühafizə sistemi onu kənar müdaxilədən qoruya bilməmişdi və nəticədə haker müdaxiləsi sayəsində kəmərin partladılması mümkün olmuşdu.
Sistem həmçinin strateji obyektlərə istənilən icazəsiz girişi üzə çıxarmağa imkan verir və eyni zamanda kəmərin dənizin altından keçən hissəsində sızmaları müəyyən edir, hətta dənizdə zəlzələ ocaqlarının koordinatlarını müəyyənləşdirir. Sistemin tam olaraq işə salınması şimal-cənub istiqamətində bütün gəmi trafikini də nəzarətdə saxlamağa imkan verir. İlk baxışdan belə görünür ki, bu sistem dövlətin maraqlarını tam təmin edir və istismara qəbul olunmalıdır.
Ancaq məsələ belə olmayıb. Azərbaycanın Hərbi Prokurorluğu Hərbi-Dəniz Qüvvələrinin (HDQ) rəhbərliyinə qarşı cinayət işi qaldırır. Prokurorluğun sonrakı fəaliyyəti isə həmin şirkətin tamamilə darmadağın edilməsinə gətirib çıxarır. Və nəticə olaraq boru kəmərlərinin monitorinqi sistemi də işə salınmır.
Əhvalatın tarixçəsinə qayıdaraq və onun reallaşmasına cəlb olunmuş şəxslərin sayının çoxluğunu nəzərə alaraq bu repressiv aksiyanın acınacaqlı nəticələrini dərk etmək lazımdır. Axı Hərbi Prokurorluğun hərəkətlərinə qədər bu layihənin mövcudluöu barədə Müdafiə Nazirliyi ilə yanaşı başqa təşkilatlar da məlumatlı idi.
Ehtimal edirik ki, bir çox məmurlar bu sahədə kompetent deyillər. Ancaq o zaman onlar nəyə görə “GeoGlobe” şirkətinin təklif etdiyi təhlükəsizlik sisteminin zəruriliyi barədə mütəxəssislərin qənaətlərini nəzərə almadılar? Ölkənin təhlükəsizliyi üçün mühüm olan bu cür layihəyə dair qərar necə qəbul olunub?
35 zabiti nüfuz bölgüsünə görə həbs ediblər
Bizim bütün təhlillərimiz bir nəticəyə gətirib çıxarır: bütün bu baş verənlər təssadüfi deyil və eyni məntiqi zəncirin həlqələrini təşkil edir.
Əvvəlcə biz HDQ-nin rəhbərliyinə qarşı cinayət təqibini və “GeoGlobe” şirkətinin dağıdılmasını keçmiş müdafiə naziri Səfər Əbiyevin istefası ilə əlaqələndirməyə cəhd edirdik. Baş verənləri Müdafiə Nazirliyinin yeni rəhbərliyinin bütün ordu hissələrində təftiş aparmaq planı ilə izah etmək cəhdləri nəticə vermədi.
Çünki belə olan halda yoxlamalar nazirliyinn digər bölmələrində də aparılmalı idi. Ancaq belə faktlar aşkar olunmadı. Müdafiə strukturunda təftiş əslində nüfuz bölgüsü uğrunda mübarizənin nəticəsi idi.
Sonra biz baş verənləri HDQ-nin rəhbərliyi ilə Hərbi Prokurorluğun rəhbərliyi arasında hansısa şəxsi ədavətlə əlaqələndirməyə çalışdıq. Ancaq o zaman maddi resurslara heç bir aidiyyəti olmayan zabitlərə və təhlükəsizlik sisteminin quraşdırılmasına dair sifariş edilmiş işləri yerinə yetirən şirkətə bu cür xüsusi diqqəti nə ilə izah edəsən? Üstəlik 35 zabitin həbsdə olması HDQ-nin əməliyyat fəaliyyətini zəiflətməyə bilməzdi.
HDQ-də mənimsəmələr haqda əvvəlcə qaldırılmış o hay-küyün məqsədi nə idi? Əgər Hərbi Prokurorluq tərəfindən 300 milyon manat dəyərində gəmi boyasının mənimsənildiyinə dair yayılmış məlumata inansaq (yeri gəlmişkən, bu dəyərdə bütün boyanın çəkisi HDQ-nin bütün gəmilərinin birlikdə götürülmüş sus tutumu ağırlığında olar),- hansı ki, prinsipcə bu mümkün deyil,- o zaman digər ittihamların da qurama mahiyyəti ilə bağlı təxmin yürütmək çətin olmazdı. İctimaiyyət isə çaşqınlıq içərisindədir və əsl rəqəmləri öyrənmək istəyir.
Aydın olur ki, həmin monitorinq layihəsinin məhz birinci mərhələsi HDQ-nin Okeanoqrafiya və Naviqasiya Xidmətinin ixtisaslaşmış gəmilərinin tətbiq olunması ilə həyata keçirilməli idi. Bu gəmilərdə axtarış-xilasetmə işlərini aparmaq üçün avadanlıqlar quraşdırılmışdı və monitorinq sisteminin quraşdırılmasına dair araşdırmalar üçün onlara əlavə avdanlıqlar yerləşdirilməli idi.
O zaman aydın olur ki, layihə əvvəlcədən bütün tərəflərin hədəfində olub, onun bilavasitə iştirakçılarının hamısı ağır ittihamlarla üzləşib. Daha sonra biz həmin məntiqi zəncirə daxil olan yeni maraqlı detal öyrənə bildik.
HDQ-yə qarşı təqiblərin arxasında nə dayanırdı
HDQ-nin yeni rəhbərliyi 2014-cü ilin yayında həmin təhlükəsizlik sistemi ilə maraqlanır və onun prezentasiyasından sonra müsbət qiymət verir, vəd olunur ki, onu 2015-ci ilin əvvəllərindən reallaşdırmağa başlayacaqlar. Məhz həmin prezentasiyadan dərhal sonra (2014-cü ilin sentyabr-oktyabr ayları) “GeoGlobe” şirkətinin rəhbərliyi ikinci dairə üzrə Hərbi Prokurorluğun müstəntiqi Rafael İsmayılovun yanına çağrılır. Şirkətin rəhbərliyini “koşmarit” edirlər, avadanlıqlarına həbs qoyurlar.
Şirkətin özündə isə saytımıza bildiriblər ki, müstəntiqin guya qanun pozuntularına dair təqdim etdiyi sənədlər reallığı heç cür əks etdirmir. Aydındır ki, bu kağızları hazırlayan adamlar həmin axtarış-xilasetmə avadanlıqlarının quraşdırıldığı gəmilərə də baş çəkməyiblər, rəqəmlər havadan götürülüb, orada əksini tapan texnika siyahısı həqiqətə uyğun deyil. Kobud saxtalaşdırma göz önündədir. Təsadüfi deyil ki, birinci müqavilə üzrə üç yoxlama təşkil edilib, ancaq heç birində pozuntu aşkarlanmayıb. Görünür buna görə də hərbi prokurorlar köhnə və sevimli metoda əl atıblar-saxtalaşdırma və pripiska.
Əlbəttə, Hərbi Prokurorluq kimi ciddi strukturu ittiham etmək haqqımız yoxdur, onun hərəkətlərində məntiqsizlik olduğunu deyə bilmərik.
Burada birmənalı olaraq məntiq var, əsas məsələ odur ki, bu məntiqin nədən ibarət olduğunu aydınlaşdırasan. Axı prokurorluğun hərəkətləri bu gün mühüm infrastruktur obyektlərində təhlükəsizlik sisteminin qurulmasını faktiki əngəlləyib, bu sistemi qurmalı olan şirkətin fəaliyyəti dayandırılıb. Bilavasitə həmin layihədə iştirak edən zabitlərin həbsi bax buna gətirib çıxarıv. HDQ-nin keçmiş rəhbərliyinin neytrallaşdırılmasının əsl motivləri bax budur!
Virtualaz.org və haqqin.az saytları bununla da öz jurnalist araşdırmasını başa çatdırır, çünki daha dərin araşdırma bizim səlahiyyətlərimiz və imkanlarımız xaricindədir. Bu qaranlıq iş barədə əlavə informasiyaların mətbuatda yayılması gərginliyin yaranmasına gətirib çıxara bilər.
Saytımız öz araşdırmasının nəticələrini oxucuların diqqətinə təqdim edir. Azərbaycan prezidentinin Türkiyəyə və Almaniyaya etdiyi son səfərlər zamanı “Cənub qaz dəhlizi”nin və Azərbaycanın Qərbin enerji təhlükəsizliyində rolunun xüsusi qeyd olundu.
Eyni zamanda Ukraynanın Donetsk vilayətində hərbi əməliyyatların yenidən qızışdığı bir vaxtda avropalıların özləri Azərbaycanın enerji resurslarının Qərbə nəql olunmasında tranzit və inteqrator ölkə kimi roluna xüsusi əhəmiyyət verirlər. Azərbaycanın dəniz akvatoriyasında təhlükəsizlik isə bu gün kritik vəziyyətdədir. Digər dövlət strukturlarının tam laqeydliyi şəraitində Hərbi Prokurorluğun hərəkətləri Azərbaycanın ərazi bütövlüyünün və enerji strategiyasının düşmənlərinin arzusunu çin edir. Bu, uduşu olmayan müharibə sayıla bilər. Axı heç kimə sirr deyil ki, bizim Qarabağdakı qələbəmiz Xəzərin fırtınalı dalğalarından qaynaqlanacaq.
Bu gün ölkənin müdafiə qabiliyyəti patronların sayə və zirehin qalınlığı ilə ölçülmür. Nanotexnologiyalar əsrində müharibə tamam başqa səviyyədə aparılır. BTC kəmərində kiberhücumla törədilmiş partlayış, yaxud Krımın “yaşıl adamlar”ın köməyi ilə bir güllə də atılmadan ilhaqı buna sübutdur. Elan edilməmiş müharibə gedir, biz də onun ortasındayıq. Bu faktı dərk etməyin vaxtıdır...









